featured-image-74636

Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Sabah” və “Qəbələ” klubları üz-üzə gəlib. Qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Msport.az xəbər verir ki, qonaqların baş məşqçisi Kaxaber Sxadadze matçdan sonra oyunu dəyərləndirib:

“Məncə, azarkeşlər oyundan zövq aldılar. Sürətli və kombinasiyalı oyun izlədiik. Çempionatda lider olan rəqibimizi yaxşı analiz etmişdik. Onların heyətində yüksək səviyyəli futbolçular var. Oyunçularımız verilmiş tapşırıqların öhdəsindən yaxşı gəldilər. Müdafiədə demək olar, səhvsiz oynadılar. Təhlükəli hücumlarımız da oldu, təəssüf ki, yenə də penaltidən istifadə edə bilmədik. Futbolçularıma belə ağıllı oyun göstərdikləri üçün təşəkkür edirəm. Bu il iki qələbə qazandıqdan sonra hamı gözləyirdi ki, biz “Sabah” kimi klublara qarşı necə oynayacağıq? Göstərdik ki, hamıya qarşı bərabər səviyyədə çıxış edə bilərik”.

Sxadadze qış fasiləsindən sonrakı uğurlu seriyanı (3 oyunluq məğlubiyyətsizlik) heyətin gücləndirilməsi və səhvlər üzərində işləməklə əlaqələndirib. O, oyundan əvvəl səsləndirilən bəzi proqnozlara sərt reaksiya verib:

“Oyundan öncə belə bir fikir var idi ki, “Sabah” bu gün bizə 3 qol vuracaq. Bu fikri komandaya qarşı hörmətsizlik kimi dəyərləndirirəm. Hamıya göstərdik ki, biz istənilən rəqibə qarşı oynaya bilərik. Ən vacib məsələ bundan sonra futbolçularda arxayınlığın yaranmamasıdır”.

Mütəxəssis debütant Rza Cəfərova inandıqlarını və daha bir transfer edəcəklərini diqqətə çatdırıb:

“Rza Cəfərov da ilk matçına çıxdı. Ona inanırıq. İlk oyunu münasibəti ilə onu və Turan Manafovu təbrik edirəm. Turan hələ 90 dəqiqə oynamağa hazır deyil. İnanıram ki, tez bir vaxtda forma yığacaq. Daha bir transferimiz də olacaq. Biz daha öncə bildirmişdik ki, 5 transfer edəcəyik”.

Bənzər xəbərlər