"Neftçi" azarkeşlərinin Qurbanova söz atması xoşuma gəlmir"
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan Premyer Liqasının 8-ci turunun “Neftçi” ilə oyunundan (3:3) sonra jurnalistlərə açıqlama verib.
Msport.az xəbər verir ki, 32 yaşlı qolkiper əvvəlcə matçı dəyərləndirib:
“Neftçi” hazırda yaxşı formada olan komandalardandır. Həm də Premyer Liqada ən çox qol vuran komandadır. Ötən tur “Sabah”a qarşı oynadılar. İstənilən halda biz 1 xal qazana bildik, oyun da gərgin keçdi. İnanıram ki, hər şey yaxşı olacaq. Hesabda geridə olmağımıza baxmayaraq, inanırdıq ki, oyunu dəyişə biləcəyik, çünki bizdə yaxşı futbolçular var. Ona görə də hiss edirdim ki, hələ şanslarımız olacaq. Gələn tur yenidən “Sabah”la qarşılaşacağıq. Yaxşı hazırlaşıb döyüşmək lazımdır. “Sabah” güclü komandadır, Çempionlar Liqasında çıxış edirlər. Maraqlı oyun olacaq. Onların çərşənbə axşamı Çempionlar Liqasında “Borussiya Dortmund”la qarşılaşması bizə əlavə üstünlük vermir. Çünki “Borussiya” ilə oyundan 5 gün sonra bizimlə qarşılaşacaqlar. Həm də “Sabah”ın geniş ehtiyat oyunçular skamyası var”.
Ağdam təmsilçisinin qapıçısı legioner limitindən də danışıb:
“Meydana 11 legioner buraxmaq olar. Düzdür bir çox ölkələrdə bu cür qaydalar mövcuddur. Digər tərəfdən baxın, “Neftçi”də nə qədər əcnəbi futbolçu var, amma onlarda meydana çıxan yerli oyunçular da az deyl – Emil Balayev, Rüfət Abbasov, Elvin Bələlov, Emin Səfərov”.
Ş.Məhəmmədəliyev uzun fasilədən sonra meydana çıxmasını belə şərh edib:
“Psixoloji baxımdan oyuna hazır idim. Yeganə çətinlik oyun praktikasının az olması idi, qapıçılar üçün bu olduqca vacibdir. Buraxılan qollara baxdım…daha yaxşı oynaya bilərdim. Meydandanda daha çox vaxt keçirib ideal formamı bərpa edə bilərəm”.
“Qarabağ”ın qolkiperi “Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atmasına da münasibət bildirib:
“Düzünü desəm, “Neftçi” azarkeşlərinin Qurban Qurbanova söz atması xoşuma gəlmir. Başa düşürəm fanatlardır. Nə etmək olar? Əcnəbi məşqçi olsaydı, hə, yenə başa düşmək olardı, nə istəyirsiniz deyin. Axı Qurban Qurbanov “Neftçi” üçün yad adam deyil. Qurbanov vaxtilə bu komandada çıxış edib və onlar gözəl bilirlər ki, onun xarakteri necədir”.







