featured-image-84617

“Araz-Naxçıvan”ın hücumçusu Ağadadaş Salyanski “Şəfa” ilə Azərbaycan Premyer Liqasının 11-ci turunun oyunundan sonra jurnalistlərə açıqlama verib.

Msport.az xəbər verir ki, 22 yaşlı futbolçu Azərbaycan millisinə çağırılmamasına da münasibət bildirib.

– Millinin heyəti açıqlananda adının siyahıda olmaması sosial şəbəkələrdə müzakirə olundu. Qərarı necə qarşıladın?

– Millidən dəvət gözləyirdim. Öz statistikama baxanda da göstəricilərim yaxşıdır. Amma bu, məşqçinin qərarıdır və hörmətlə yanaşıram. Mən nə deyə bilərəm? Daha çox çalışacağam, qarşıma yeni məqsədlər qoyacağam, qollarımı artırmağa çalışacağam. İnşallah, növbəti dəfə millinin heyətində yer alaram.

– “Neftçi”də olduğun dönəmdə tez-tez deyilirdi ki, başqa kluba getsən, potensialını daha yaxşı aça bilərsən. Bu gün bunu “Araz-Naxçıvan”da görürük. Heç düşünürsənmi ki, kaş daha əvvəl başqa kluba keçib özünü sınayardın?

– Keçən mövsümü çıxmaq şərtilə, qış fasiləsinə qədər Samir Abasovun dönəmində əsas heyətdə oynayırdım. Sadəcə, məşqçi dəyişəndən sonra rəqabət bir qədər artdı. Düzdür, mən rəqabətdən çəkinən biri deyiləm. Rəqabət artdıqdan sonra istər-istəməz oturub söhbət etdik və belə qərara gəldik ki, gedib başqa komandada oynamağım daha faydalı olar. Onlar da bu məsələyə müsbət yanaşdılar və mən “Araz-Naxçıvan”a keçdim.

– Bu mövsüm çempionatda artıq 5 qol vurmusan. “Neftçi”yə qayıdıb yenidən sözünü demək planlarını qurursan?

– Əlbəttə, oradakı rəqabətdən qorxmuram. İnşallah, yayda “Neftçi”yə qayıdacağam və həmin rəqabətə qoşulacağam.

– Müqavilə ilə “Neftçi”yə məxsussan. Hazırda “Araz-Naxçıvan”da çıxış edərkən performansından razı qaldıqları zaman “Neftçi”dən təbrik və ya dəstək mesajları alırsan?

– Bəzən rəhbərlik yazıb təbrik edir. İndi “Araz-Naxçıvan” öz yerində, “Neftçi” öz yerində. Hazırda “Araz-Naxçıvan”a maksimum dəstək göstərirəm.

Bənzər xəbərlər