featured-image-83773

“Qarabağ” Azərbaycan Premyer Liqasının 8-ci turunda “Neftçi” ilə bərabərə qalıb – 3:3.

Msport.az xəbər verir ki, Ağdam klubunun  baş məşqçisi Qurban Qurbanov matç haqda fikirlərini bölüşüb.

 

“Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm. Çox maraqlı oyun oldu. Məncə, heç bir komanda məğlubiyyətə layiq deyildi. Futbolçular azarkeşləri sevindirdilər, onlara yaxşı futbol şousu təqdim etdilər. Hər iki komandanı təbrik edirəm”.

– Yeni transferlərin komandaya uyğunlaşma prosesi başa çatıb, yoxsa hələ də davam edir?

– Çətinliklərimiz var, çatışmazlıqlarımız da az deyil. Yeni gələn futbolçularımızın, demək olar ki, hamısı müəyyən zədə problemləri yaşayıb. Bir qədər də vaxta ehtiyacımız var. Düşünürəm ki, belə oyunlar onların çempionatımıza daha tez uyğunlaşmasına kömək edəcək.

– Uzun müddətdən sonra Şahruddin Məhəmmədəliyev meydana çıxdı. Martin Zlomisliç isə ehtiyatda idi. Belə vacib oyunda Şahruddinə şans verməyinizin səbəbi nə idi?

– Əslində, Zlomisliç ehtiyatda oturacaq vəziyyətdə deyildi. İki gün əvvəl zədələnmişdi. Sadəcə, təcrübəsini nəzərə alaraq komanda ilə bir yerdə olmasını istədim. Amma bu oyunda meydana çıxmağa hazır deyildi.

– “Qarabağ” hələ də tam uyğunlaşa bilmədiyi üçün qalib gəlmir, yoxsa “Neftçi” xeyli güclənib?

– Qarşımızda çox güclü rəqib var idi. İntizamlı kollektivdir. Rəqibə öz oyununu göstərməyə imkan vermirlər, bütün diqqətlərini buna yönəldir və bunu yaxşı bacarırlar. Amma futbolçularımız həddindən artıq əsəbiləşmədilər, səbirli oldular və sona qədər öz oyunlarından imtina etmədilər. Yaxşı sonluq alındı.

Bununla yanaşı, bizim də müəyyən çatışmazlıqlarımız var. Hələ tam heyət formalaşmayıb, futbolçuların tam uyğunlaşma prosesi başa çatmayıb. Sanki bütün yeni transferlər zədələnmə dövründən keçir. Bu baxımdan onların xarakteri vacib idi. Əvvəlki oyunlarda da çatışmazlıqlarımız olub, amma futbolçular xarakter göstərirlər. Daha yaxşı oynamaq üçün gücümüz var və buna nail olmalıyıq. Yaxın vaxtlarda hazırlaşacaq, yaxşı məşqlər keçirəcək və futbolçuları optimal idman formasına çatdırmağa çalışacağıq.

-Qarabağ”ın əsl gücünün “Sabah”la oyunda bilinəcəyi fikri ilə nə dərəcədə razısınız?

– Bununla razı deyiləm. Bu, futboldur. Ola bilər ki, bəzi oyunlarda məğlub olaq, sonrakı matçlarda isə daha yaxşı oyun və nəticə göstərək. “Sabah”a uduzduqsa, deməli, gücümüz yoxdur” deyə düşünmək düzgün yanaşma olmaz. Futbolçularımız daha yaxşı çıxış etmək potensialına malikdirlər.

Əlbəttə, “Sabah” və “Neftçi” tamamilə başqa səviyyəyə yüksəlib, fərqli futbol oynayırlar. Biz daha çox çalışmalıyıq. Futbolçularımıza düzgün yanaşmalı, rəqiblərin gücünü anlamalarına kömək etməliyik. Liqada asan oyun yoxdur. “Turan Tovuz”, “Zirə”, “Şamaxı”, “Sumqayıt” və digər komandalar yaxşı oynayırlar. Həm məşqçilər, həm də klub rəhbərliyi səviyyəsində böyük rəqabət və məşqçilərə inam var. Görünür ki, mayın sonuna qədər bizi gərgin çempionat gözləyir.

– “Neftçi” çempionluq uğrunda “Sabah” və “Qarabağ”la rəqabət apara bilər?

– Buna tam əminəm. Çempionluğa yalnız meydandakı oyun baxımdan yanaşmaq olmaz. Meydanda onların öz oyunu var. Gücləniblər, daha inamlı çıxış edirlər. Komandanın ətrafında böyük inam var. Bu gün bunu bir daha gördük. Son vaxtlar “Tofiq Bəhramov” stadionunda bu qədər “Neftçi” azarkeşi olduğunu xatırlamıram. Bu mövsüm onlar xüsusi hazırlaşıblar. Çempion ola bilərlər.

Avrokuboklardan kənarda qalmaq yaxşı nəticə deyil. Bəs bu, yeni komanda qurmağınıza kömək etdimi?

– Buna iki cür yanaşmaq olar. Avrokuboklarda iştirak etsəydik, bəlkə də futbolçularımızın çoxu əsas mərhələdə oynamayacaqdı. Onlar yalnız təsnifat mərhələsində iştirak etmişdilər və əsas mərhələnin ağırlığını hiss etməmişdilər. Digər tərəfdən, həmin rejimə uyğunlaşmaq, sabit nəticələr əldə etmək də vacibdir. Avrokuboklarda nəticələrimiz ürəkaçan olmaya bilərdi, amma orada oynamaq, formalaşmaq və uyğunlaşmaq yaxşı olardı. Bəlkə də futbolçular Azərbaycan çempionatına daha ciddi yanaşmağa başlayacaqlar. Bir daha gördük ki, burada heç bir oyun asan keçmir. Matçlara daha peşəkar yanaşmaq lazımdır.

– Rəqiblər taktikanızı artıq oxuyublar, yoxsa özləri gücləniblər?

– Klublar inkişaf edib, ambisiyaları artıb. Futbolda belə bir qayda yoxdur ki, hər il güclü olmalı, çempionluq qazanmalı və ya kuboku udmalısan. Biz daha yaxşı olmaq və titulumuzu qorumaq istəyərdik. Amma “Sabah” və “Neftçi” belə oyun nümayiş etdirirlər. “Neftçi” həm “Sabah”la, həm də bizimlə matçda təkcə fərqli oyun deyil, fərqli yanaşma da göstərdi. Hər klubda böyük inam var. Bir azərbaycanlı kimi buna sevinirəm.

Bəli, bizim üçün çətin ola bilər. Amma gələcəyə baxanda bu, çempionatın səviyyəsi baxımından daha vacibdir. Ölkəmizə yaxşı və təcrübəli məşqçilər gəlirlər. Bu, bizim üçün də faydalıdır. Bunu özümüzə sərf etməyən amil kimi qəbul edə bilərik, amma Azərbaycan futbolu üçün xeyirlidir. Bu gün tam əminliklə deyə bilmərəm ki, bu futbolçularla istədiyim nəticəyə nail olacağam. Hətta onlar daha güclü olsalar belə, bunu söyləmək çətindir.

Nə olursa olsun, 12 il ərzində avrokubokların əsas mərhələlərində çıxış etmişik. Bu dəfə ora düşə bilmədik. Güclü və titullu rəqiblərlə oynadıq. Hər matçda çox yaxşı futbol göstərdik, Avropa təcrübəmizi nümayiş etdirdik.

Sofiyada 120 dəqiqə oynamağımıza baxmayaraq sona qədər inamımızı qoruduq. Rəqib çox güclü idi. “Tvente” ilə burada keçirilən oyunda problemlər yaşasaq da, nəticə bizim əlimizdə idi. Bəzi futbolçularımız zədələndi, rotasiyalar oldu. Klub olaraq ağır zərbə aldıq aldıq və geri qayıtmaq asan olmadı.

Bəzən avrokuboklar haqqında danışanda bunun bizə təsir etdiyini görürük. Hər halda, biz peşəkar idmançıyıq. Avrokuboklarda hər il iştirak etmək mümkün deyil və buna zəmanət yoxdur. Bizim işimiz daha yaxşı olmaq və oyunlara yaxşı hazırlaşmaqdır. Rəhbərlik də bunu anlayır və qəbul edir.

Azarkeşlər daha çox şey istəyirlər. Əmin olsunlar ki, gördüyümüz işin 60-70 faizində onları düşünürük. Bu komandanın adı “Qarabağ”dır. Burada nə məşqçilər korpusu, nə də rəhbərlik arxayınlığa və məsuliyyətsizliyə yol verə bilər.

Biz torpaqlarımızı geri qaytarmışıq, başımız ucadır. Amma bu, işimizin bitdiyi və məğlubiyyətlərə ciddi yanaşmayacağımız demək deyil. İnanıram ki, komandamızın əzmi qorunacaq. Bəlkə də istədiyimiz nəticəyə iki ildən sonra çatacağıq. Amma mən burada olduğum müddətdə ambisiyalarımızı qoruyacağıq.

 

Bənzər xəbərlər