featured-image-20890

“Yaxşı oyun oldu. Komandanın tam hazır olmadığı göründü”.

Msport.az-ın məlumatına görə, bunu “Qarabağ”ı baş məşqçisi Qurban Qurbanov Türkiyənin Antalya şəhərində Polşa “Poqon”una 2:4 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Matça dinamik başladıqlarını söyləyən 51 yaşlı mütəxəssis sonradan tempin aşağı düşdüyünü etiraf edib: “Qarşımızda da çox möhkəm komanda var idi. Məncə, bu matçın qarşıdakı işimizə böyük faydası olacaq. Futbolçularımızın əvvəlki idman formalarını geri qaytarmalıyıq. Toplanışda yaxşı yoruldular. Əslində bunu da istəyirdik. Bu oyunda çatışmayan cəhətlərimizi tam gördük. Çempionata kimi bir həftə vaxtımız var. İstədiyimiz oyunu göstərmək üçün vaxt lazım olacaq”.

O bildirib ki, ötən illə müqayisədə bu dəfə topanışda fərqli rəqiblər seçildi: “Belə oyunların xeyiri hər zaman çox olur. Toplanış vaxtı bir komandanın hazırlığının digərindən üstün olması böyük fərq edir. Sonda bizə sürəti daha da artırmaq lazım idi. Görünür, uşaqlar yorulublar, top itkiləri çox oldu”.

Qurbanovun sözlərinə görə, hər komandada müəyyən müddət ciddi sıxıntılar olur: “Həmin dönəmdə ayaqda qalmağı bacarmaq lazımdır. Sanki bizdə o vəziyyətdir. Düşünmədiyimiz zədələr, gedişlər oldu. Bəzi problemlər var. Bu dönəmdə çatışmazlıqları aradan qaldırmaq üçün düzgün, ağıllı addımlar atmalıyıq”.

Təcrübəli baş məşqçi əvəzedici heyətə göndərdiyi Qaspar Panaderonun durumuna da toxunub: “Bizimlə müqaviləsi var. Üzərimizə düşəni etməliyik. Amma Panadero əsas komandada olmayacaq. Bunu özünə də bildirmişik. Nə vaxt hansısa komanda istəsə, təmənnasız göndərməyə hazırıq. İndiki halda isə müqaviləyə əməl etməliyik”.

Bənzər xəbərlər