featured-image-21006

“Qarabağ”ın Qaspar Panadero problemi həl olmur ki, olmur. İspaniyalı futbolçunun 2024-cü ilin iyununa kimi müqaviləsi var, lakin Qurban Qurbanov çoxdan onun üzərindən xətt çəkib. Ağdam klubunun çalışdırıcısı Antalyada verdiyi müsahibədə də vingerə güvənmədiyini bir daha  vurğuladı. O, hətta Panaderonu istəyən klub olsa, təmənnasız verməyə hazır olduqlarını dedi:

“Bizimlə müqaviləsi var. Üzərimizə düşəni etməliyik. Amma Panadero əsas komandada olmayacaq. Bunu özünə də bildirmişik. Nə vaxt hansısa klub istəsə, təmənnasız göndərməyə hazırıq. İndiki halda isə müqaviləyə əməl etməliyik”.

Xatırladaq ki, Panadero 2022-ci ilin yanvarından iyununa kimi icarə əsasında Kiprin “AEK Larnaka” klubunda icarədə oldu. Bu yaxınlarda İspaniyaya gedən 25 yaşlı oyunçu özünə yeni komanda tapa bilmədi.

Amma “Qarabağ” onu transfer edərkən böyük ümidlər bəsləyirdi. “Köhlən atlar” onun transfer hüquqlarına yiyələnmək üçün “Kadis”ə müəyyən məbləğ də ödəmişdilər. Qurbanov 23 yaşında Azərbaycana gələn Panaderoda böyük potensial görürdü. “Almeriya”, “Ponferradina”, “Əl Vahda” kimi klublarda oynamış yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanmışdı. Ağdam təmsilçisi ümumilikdə 3 ilinə görə, futbolçuya 1 milyon avroya yaxın pul ödəməlidir. Panadero isə belə davam edərsə, ən azı mövsümün sonuna kimi Bakıda qalacaq və əvəzedici heyətlə məşq edəcək.

AYXAN 

Bənzər xəbərlər