featured-image-75030

Dünən Qubada növbəti biabırçılığın şahidi olduq….Artıq deməkdən, yazmaqdan da bezmişik ki, Quba Olimpiya Kompleksinin stadionunun meydançası Premyer Liqa şərtlərinə uyğun deyil. “İmişli-“Qarabağ” (0:1) oyununda futbolçular 3-4 metrə dəqiq ötürmə verməkdə çətinlik çəkirdilər. Bir tərəfdən deyirik ki, Premyer Liqamızın səviyyəsi qalxmalıdır, marka dəyəri yüksəlməlidir, digər tərəfdən də badımcanlıqda futbol oynamağa icazə veririk.

“İmişli” ilə matçdan sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da sərt açıqlamalar verdi:

-Meydança yox idi ki… Belə meydanda futbol oynamağa necə icazə verilə bilər?Belə meydanda “Nyukasl’la oyuna necə hazırlaşım?
-Bəlkə də heç hakim epizodu görmürdü. Yəqin Əliyar Ağayev VAR-dan deyib. Əliyar onsuz da bizim oyunlarda maraqlı qərarlar qəbul edir. Birinci dəfə deyil.
-Hansı əsrdə yaşayırıq? Başa düşürəm ki, “İmişli” yeni komandadır, stadionu yoxdur. Burada oynayırlarsa, onda burada da məşq etsinlər də. Özləri niyə burada məşq etmir? Bakıda məşq edib Qubada oynayırlar.
Amma Qurbanov unudur ki, AFFA İcraiyyə Komitəsinin üzvü kimi “Karvan-Yevlax” və “İmişli”yə 1 illik möhlət verilən qərarda onun da “imzası” var.  Həqiqətən də XXI əsrdə belə meydanda Premyer Liqa oyunu keçirməzlər. AFFA, PFL tənqidləri görməzdən gəlir… İş orasındandır ki, bundan sonra “İmişli”ni başqa stadiona göndərsələr, indiyə qədər Qubada palçığın içində min-bir əziyyət çəkən klublara qarşı da haqsızlıq olacaq. Yeri gəlmişkən, “İmişli”nin 24-cü turda öz meydanında “Sabah”la oyunu var. Əgər həmin vaxta kimi Kaşkilyanın komandası Qubadan çıxarılsa, bu, birbaşa idman prinsiplərinin pozulması olacaq.
Əgər bu gün AFFA-nı Qubada oyun keçirməyə razılıq verdiyi üçün qınayırıqsa, Gənclər və İdman nazirliyini də unutmaq olmaz. Çünki Quba Olimpiya Kompleksi nazirliyin balansındadır və indiyə qədər bu arenanın ot örtüyünün abıra salınması üçün heç bir ciddi addım atılmayıb.

Bənzər xəbərlər