Spallettidən futbolçusuna sərt xəbərdarlıq
“Yuventus”un baş məşqçisi Luçano Spalletti UEFA Avropa Liqasında “Selta” ilə keçirilən oyunda (2:1) əvəzləndikdən sonra narazılığını nümayiş etdirən futbolçusu Fransisko Konseysaunun hərəkətlərinə münasibət bildirib.
Msport.az xəbər verir ki, portuqaliyalı cinah hücumçusu meydanı tərk etdikdən sonra ehtiyat oyunçular skamyasına bir neçə dəfə zərbə endirib və məşqçilər korpusunun üzvlərindən biri ilə mübahisə edib.
Spalletti futbolçunun bu davranışını tənqid edib.
“Qəzəbini özünə yönəltsə, onun üçün daha faydalı olar. Əks halda, bunu sonra müzakirə edə bilərik. Əgər deməyə sözü varsa, öz oyununa görə iradlarını özünə bildirsin. Üstəlik, o, təxminən 70-ci dəqiqədə əvəzlənib və bir neçə gündən sonra bizi növbəti matç gözləyir. Əgər həqiqətən belə münasibət göstəribsə, hərçənd köməkçilərim hadisənin fərqli olduğunu deyirlər, qoy fikirlərini bizə izah etsin. Biz də məsələni aydınlaşdırmağa çalışarıq”, – deyə baş məşqçi vurğulayıb.
Konseysau “Selta” ilə qarşılaşmaya start heyətində çıxıb və meydanda 64 dəqiqə keçirib. O, məhsuldar göstərici ilə yadda qalmayıb.
Qeyd edək ki, 23 yaşlı portuqaliyalı futbolçu cari mövsümdə klub səviyyəsində bütün turnirlərdə səkkiz oyunda iştirak edib, bir qol və bir məhsuldar ötürmə ilə fərqlənib.







