featured-image-20685

“Yoxlama oyununda nəticə o qədər də önəm kəsb etmir. Amma toplanışın son matçlarını hamı qələbə ilə başa vurmaq istəyir”.

Bunu “Səbail”in sabiq baş məşqçisi Aftandil Hacıyev Premyer Liqada çıxış edən klubların Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı barədə Msport.az saytına danışarkən deyib.

42 yaşlı mütəxəssis bildirib ki, hazırlıq prosesində məqsəd futbolçuların fiziki durumunu yaxşılaşdırmaq və oyun praktikasının qazanılmasıdır: “Düşünürəm ki, son oyunlarda bir qədər nəticəyə önəm verəcəklər. Ümumilikdə, hamısı yaxşı rəqiblər seçib. Keyfiyyətli komandalardır. Sadəcə, hava şəraiti əlverişsizdir. Güclü külək, yağış müşahidə olunur”.

“Səbail”dən ayrıldıqdan sonra işsiz qalan Hacıyevin sözlərinə görə, baş məşqçi işləmək istəyirsənsə, gözləməyi bacarmalısan.

O, keçmiş komandasındakı baş məşqçi dəyişikliyinə də toxunub: “Səbail”in çempionatda işləri yaxşı olmasa da, kubokda yarımfinala çıxıb. Mənim üçün də dəyişiklik gözlənilməz oldu. Bəlkə də komanda kubokda mübarizəni dayandırsaydı, bu addım daha başadüşülən olardı. İndiki halda mən də Mahmud Qurbanova daha çox şans verilməməsinə üzülürəm. Qala bilərdi. Amma bilmək olmur. Klub rəhbərliyinin öz fikri, iddiası var. Yəqin, aralarında söhbətdə fikirlər üst-üstə düşməyib. Bu səbəbdən yarımfinala vəsiqəni qənaətbəxş hesab etməyiblər”.

Kadi Borgesin “Qarabağ”ı Rusiya “Krasnodar”ına dəyişməsindən də söz açan mütəxəssis Ağdam klubunun çox böyüdüyünü və bir futbolçudan asılı olmadığını vurğulayıb: “Kadinin itki olduğunu nə qədər desək də, oyun planında dəyişən bir şey olmayacaq. Onu əvəz edə biləcək oyunçu tapılacaq. Həm transfer ediləcək, həm də komandada kifayət qədər yaxşı yerli futbolçular var. Ramil Şeydayev və Musa Qurbanlı öz keyfiyyətlərini daha da artırıblar. Kadi komanda üçün önəmli fiqur idi, amma “Qarabağ”ın oyununda dəyişiklik olmayacaq. Əksinə, 2-3 transferlə heyətdə rəqabət arta bilər”.

Borgesin peşəkar futbolçu olduğunu deyən Hacıyev onun qərarına hörmətlə yanaşır: “Hər iki tərəf bu keçiddən qazandı. Deyilənə görə, kifayət qədər rekord məbləğə satılıb. Tərəddüd etdiyim yeganə amil odur ki, isti ölkələrdən olan futbolçular üçün Rusiya çempionatına uyğunlaşmaq çətindir. Amma orada özünü göstərən kifayət qədər braziliyalı var. Yalnız soyuq iqlim Kadi üçün çətinlik yarada bilər. Son zamanlar məlum sanksiyalar Rusiya futbolunu bir qədər arxa plana atıb. Klublar avrokuboklarda oynaya bilmirlər. Bunun da təsiri hardasa qaçılmazdır. Lakin bildiyim qədərilə, Kadinin müqaviləsində bəndlər var ki, yayda Avropanın böyük “beşlik” ölkələrindən təklif alsa, gedişinə icazə veriləcək. Fikrimcə, bu keçiddə maliyyə amili mühüm rol oynayıb. Amma inanmıram ki, “Qarabağ”dan getmək onun üçün asan olsun. Komandaya uyğunlaşmışdı. Çox görümüşük ki, “Qarabağ”dan gedənlər sonradan qayıtmaq istəyir. İnanırıq ki, daha da irəli gedər. Bu, bizim çempionatın reytinqi baxımından da yaxşıdır. Çempionata, oyunçularımıza maraq arta bilər. Düşünürəm ki, bu addım gələcəkdə hər iki tərəf üçün xeyirli olar”.

Cahid

Bənzər xəbərlər