Banişevskinin yubiley poçt markaları dövriyyəyə buraxıldı
AFFA-nın təşəbbüsü və “Azərpoçt” MMC-nin dəstəyi ilə Azərbaycanın əfsanəvi futbolçusu Anatoli Banişevskinin 80 illik yubileyi münasibətilə yeni poçt markaları dövriyyəyə buraxılıb.
Msport.az xəbər verir ki, yeni filateliya məhsulu A. Banişevskinin zəngin idman irsini əks etdirir. Buraxılış bir poçt markasından ibarətdir. Eyni zamanda yubiley münasibətilə xüsusi poçt kartları da hazırlanıb.
Poçt blokunun tirajı 2500, poçt kartlarının tirajı isə 1000 ədəddir. Bu təşəbbüs A. Banişevskinin irsinin yaşadılması və gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir.
Qeyd edək ki, Anatoli Banişevski XX əsrdə Azərbaycanın ən görməkli futbolçularından biri kimi tarixə düşüb. O, SSRİ milli komandasının heyətində 1966-cı il dünya çempionatında 4-cü yeri tutub, 1972-ci il Avropa çempionatında isə gümüş medal qazanıb. Klub səviyyəsində 1966-cı ildə “Neftçi”nin tərkibində SSRİ çempionatının bürünc mükafatçısı olub.
SSRİ millisinin heyətində 50-dən çox oyun keçirən Banişevski 1996-cı ildə “Şöhrət” ordeni ilə təltif olunub. 2004-cü ildə isə UEFA-nın versiyasına əsasən Azərbaycanda son 50 ilin ən yaxşı futbolçusu seçilib.







