“Cütün favoriti hesab olunuruq” – “Borussiya”nın baş məşqçisi
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Sabah”la qarşılaşacaq Almaniyanın “Borussiya” (Dortmund) klubunun baş məşqçisi Niko Kovaç Bakıda mətbuat önünə çıxıb.
Msport.az xəbər verir ki, o, əvvəlcə komandasının hazırlığından danışıb:
“İkinci dəfədir Azərbaycandayam. Bura gözəl və qonaqpərvər ölkədir. Rəqib barədə lazımi məlumatlarımız var və buna uyğun hazırlaşmışıq. Bəzi detalları futbolçulara çatdırmağa vaxtımız olmayıb. Hər şey sabah bəlli olacaq”.
– Sabahkı oyun barədə nə düşünürsünüz?
– Hələ əldə edə bilmədiyimiz bəzi məqamlar var. Futbolçularımıza bir qədər sürət lazımdır. Bunun üzərində işləyirik. Yaxşı nəticə qazanmaq üçün hücum etməliyik. Oyun həqiqətən çətin olacaq. Sürətli olmalı, malik olduğumuz keyfiyyətləri maksimum dərəcədə nümayiş etdirməliyik. Sabah qalib gəlməliyik.
– “Sabah” barədə düşüncələriniz necədir?
– Valdas Dambrauskası çoxdan tanıyıram. 2017-ci ildə yaradılmış kluba qarşı oynayacağıq. Rəqibə çox ciddi yanaşırıq. Özümüzə inamlı olmalı və keyfiyyətimizi göstərməliyik. Sabah qələbə qazanmalıyıq. Rəqibə böyük hörmətlə yanaşırıq. Cütün favoriti hesab olunuruq və qalib gəlməliyik. Motivasiyamız yüksəkdir.
– Komandanızın son oyunlarda qələbə qazana bilməməsi barədə nə deyə bilərsiniz?
-Mən gələndə komanda turnir cədvəlində 11-ci pillədə idi. “Verder”lə oyunda üstünlük bizdə idi. Lazımi keyfiyyətlərə sahibik. İnanıram ki, qarşıdakı matçda qalib gələcəyik. Bununla yanaşı, bütün rəqiblərimizə hörmətlə yanaşırıq.







