Füzuli Məmmədovun əvəzetməsinə Qavinin reaksiyası
“Karvan-Yevlax” dünən “Zirə” səfərindən minimal hesablı məğlubiyyətlə döndü. Əslində buna görə qonaqları qınamağa da dəyməz, heyət və büdcə baxımından rəqiblə ayaqlaşa bilməyən Aran klubu ciddi müqavimət göstərməyə çalışdı. Sözüm onda yox.
Lakin Yevlax təmsilçisindəki qeyri-peşəkarlığa Füzuli Məmmədov da son qoya bilməyib. Yadınızdadırsa, Premyer Liqanın 12-ci turu çərçivəsində “Kəpəz”lə matçda Vüsal Məsimovu hələ o zaman baş məşqçi olan Azər Həşimov əvəzləmək istəsə də, futbolçu meydandan çıxmamışdı. “Zirə” ilə görüş göstərdi ki, oxşar problemlər qalmaqdadır.
Füzuli Məmmədov 32-ci dəqiqədə Tompson Qavini əvəzlədi. Düzdür bu dəfə nigeriyalı oyunçu meydanı tərk etdi. Lakin Qavi meydandan çıxdıqdan sonra texniki zonada su qabını yerə ki, elə çırpdı ki, baş məşçinin bütün xarizması yerlə bir oldu. Futbolda yazılmamış qanun var ki, hər hansı fors-major hadisə baş verməyibsə, fasiləyə kimi dəyişiklik etməzlər. Yəni 13 dəqiqə gözləyib Qavini fasilədə də əvəzləmək olardı. Ümumiyyətlə, Füzuli Məmmədov birinci dəfə deyil ki, zədə filan olmadan futbolçunu 1-ci yarıda dəyişir. İki tur əvvəl “Sumqayıt”la görüşdə də Rauf Rüstəmli 30-cu dəqiqədə Elvin Yunuszadə ilə əvəzlənmişdi.
“Karvan”ın baş məşqçisi mətbuat konfransında bu əvəzetməni taktiki gediş kimi qiymətləndirsə də, aydındır ki, mütəxəssis start heyətini düzgün müəyyənləşdirməkdə çətinlik çəkir. Buna görə də 30, 32-ci dəqiqələrdə dəyişikliklər edir. Həmin vaxt meydanı tərk futbolçunun o cür əsəbi reaksiya verməsi başadüşüləndir.
Hər halda Füzuli müəllim də futbolçu olub, başa düşür ki, heç nədən ilk yarıda kimisə meydandan çıxartmaq onu nə dərəcədə sındırmaq deməkdir.







