featured-image-20223

“2-ci, 3-cü, 4-cü yerlər üçün deyil, çempionluq uğrunda mübarizə aparmalıyıq. Çempionatda birinci yer uğrunda mübarizə aparmalı və kuboku qazanmalıyıq”.

Msport.az  xəbər verir ki, bunu “Neftçi”nin futbolçusu Höccət Haqverdi klubun televiziyasına açıqlamasında deyib.

“Ağ-qaralar”ın “Traktor”dan yeni transfer etdiyi Azərbaycan millisinin müdafiəçisi bu keçidə görə məmnun olduğunu bildirib: “Əla hisslər keçirirəm. Əvvəllər Azərbaycanda olmuşam. “Neftçi”ni tanıyıram, böyük klubdur. Nəinki Azərbaycanda, hətta başqa ölkələrdə də. Əlbəttə, hər bir futbolçu “Neftçi”də oynamaq istəyər. Çox tanınmış klubdur, böyük tarixə malikdir. Çoxlu azarkeşləri var. Bu keçidə görə xoşbəxtəm. Öz oyunumu burada göstərmək üçün çox istəkliyəm”.

30 yaşlı futbolçu tezliklə tam hazır vəziyyətdə olacağını söyləyib: “İran çempionatında fasilə yaranmışdı. Hər bir çempionatda fasilə olanda oyunçular istirahətə gedirlər. Amma peşəkar futbolçu kimi, öz bədəninin qayğısına qalmalısan. Bir neçə gün istirahət etdikdən sonra məşqçimlə birlikdə hazırlığa başladım. İndiki halda özümü 80 faiz hazır hesab edirəm. Komanda ilə məşqlərə qoşulmalıyam ki, özümü 100 faiz hazır hiss edim”.

Haqverdi yeni komandasında rəqabətə hazır olduğunu vurğulayıb: “Uğur qazanmaq üçün hər bir komandada futbolçular arasında rəqabət olmalıdır. Bu daha da maraqlı olur. Hər kəs start heyətində yerini möhkəmləndirmək üçün mübarizə aparmalıdır. Bu təkcə mənim üçün deyil, komandanın uğurları üçün də faydalıdır”.

O, baş məşqçi Laurentsiu Regekampfla görüşdüyünü də sözlərinə əlavə edib: “Bura gələndən sonra baş məşqçi ilə aramızda danışıq oldu. İndiki vəziyyətim, hazırlığım haqqında suallar verdi, məndən nələr istədiyini izah etdi. Mənə hər şey aydın oldu. Hər şey qaydasındadır. Ümid edirəm ki, biz Avropada da uğurlar qazanarıq”.

Qeyd edək ki, Höccət Haqverdi “Neftçi” ilə 1,5 illik müqavilə imzalayıb.

 

 

Bənzər xəbərlər