Millimizdə itki: Renat Dadaşov qarşıdakı oyunları buraxacaq
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov ən azı 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Msport.az xəbər verir ki, buna səbəb hücumçunun UEFA Millətlər Liqasında yığmamızın heyətində zədələnməsi olub.
Klubu “Bukovina”da yenidən tibbi müayinədən keçən 27 yaşlı forvardın durumunun gözləniləndən də ağır olduğu müəyyənləşib. Belə ki, Dadaşovda budun ön hissəsində əzələ yırtığı aşkarlanıb. Həkimlərin proqnozuna əsasən, onun tam məşqlərə və oyunlara təxminən noyabrın sonu və ya dekabrın əvvəlində qayıtması gözlənilir.
Bu isə o deməkdir ki, Renat həm Ukrayna klubunun qarşıdakı bir neçə oyununu, həm də Azərbaycan millisinin noyabrda Lixtenşteyn və Andorra ilə matçlarını buraxacaq.
Qeyd edək ki, yığmamız noyabrın 13-də Millətlər Liqası çərçivəsində Lixtenşteynlə, 3 gün sonra isə yoldaşlıq görüşündə Andorra ilə qarşılaşacaq.







