featured-image-83839

“Sabah” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turu çərçivəsində Bakı Olimpiya Stadionunda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

Msport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Valdas Dambrauskas matçdan öncə ənənəvi mətbuat konfransında iştirak edib.

– Rəqib iki oyundur qol vura bilmir. Bu amil onlara xüsusi motivasiya verəcək?

– Bu, bizim üçün yaxşı xəbər deyil. Düz vurğuladız ki, sabahkı oyuna daha çox fokuslanacaqlar və qol vurmaq üçün əllərindən gələni edəcəklər. Amma öz komandama inanıram. “Borussiya” Almaniyanın, dünyanın ən böyük klublarından biridir. Onların çox yaxşı baş məşqçiləri var. Olduqca çətin oyun olacağını gözləyirik. Çempionlar Liqasında hər matç bizə təcrübə, dərs verir. Sabah da çox şey öyrənəcəyik. “Borussiya” eyni zamanda çox yüksək səviyyədə pressinq edən komandadır. Qarşımızda böyük çətinliklər dayanır. Çempionlar Liqasında asan oyun olmur. Sabahkı matçı səbirsizliklə gözləyirəm.

– Xəyal Əliyev sabah oynamağa hazırdır?

– İnanıram ki, hazırdır. Bizim 20-dən çox oyunçumuz var. Hamısı oynamağa hazırdır. Bugünkü məşqdən sonra heyətlə bağlı qərar verəcəyik.

– Ötən matçda stadion boş idi, sabah isə dolu olacağı gözlənilir. Azarkeşlərin qarşısında “Sabah”ın qələbə şansını necə dəyərləndirirsiniz?

– Əlbəttə ki, dolu tribunaların qarşısında oynamaq bizim üçün xoşdur. Azarkeşlər əllərindən gələni edirlər, bizə enerjilərini ötürürlər. Qələbə ehtimalı haqda danışmaq istəmirəm. Daha çox mənə komandamın performansı maraqlıdır. Kiçik detallar vacibdir. Əsas odur ki, diqqətli olaq.

Bənzər xəbərlər