featured-image-26410

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç Türkiyə ilə oyundan öncə keçirilən mətbuat konfransında maraqlı fikirlər səsləndirib. Türkiyə və Xorvatiya seçmələri bu gün AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Bursada üz-üzə gələcəklər.

56 yaşlı mütəxəssisdən Xorvatiya və Türkiyə futbolunu müqayisə etməsini istəyiblər.

“Biz 3,5 milyonluq ölkəyik, siz 80 milyon. Bizim üçün futbolçu yetişdirmək daha çətindir. Bursa 3 milyon əhaliyə malik olan şəhərdir. Biz isə 3,5 milyonluq ölkəyik. Dünya çempionatında 3-cü yeri tutduq. Bunun necə olduğunu özünüzdən soruşun”.

Adam yerdən göyə haqlıdır. Əslində Daliçin dediklərinin bir qismi elə Azərbaycana da aiddir. Bakının əhalisi 3 milyona çatır, bu hələ rəsmi rəqəmlərdir. Hamı yaxşı bilir ki, rayondan paytaxta iş dalınca gələn on minlərlə qeydiyyatsız insan yaşayır. Azərbaycan əhalisinin sayı isə 2022-ci ilin dekabrının göstəricilərinə əsasən, 10 milyonu keçib. Bu boyda ölkənin komandası Avstriyaya 1:4, İsveçə 0:5 uduzur.

İllərdir ölkədə hər kəs futbolçu yetişdirməkdən danışır, amma ortada ciddi bir iş yoxdur. Dünən İsveçlə matçın start heyətində yer alan 11 futbolçudan yeddisi – Anton Krivotsyuk, Höccət Haqverdi, Aleksey İsayev, Riçard Almeyda, Emin Mahmudov, Ramil Şeydayev, Renat Dadaşov Azərbaycan futbolunun yetirməsi deyil.

Hələ ehtiyatda qalan xorvat Filip Ozobiç və türk əsilli Özan Can Kökçüdən danışmıram.

Düzdür, xorvatlar, serblər bizdən fərqli olaraq, idmanı dəlicəsinə sevən xalqdır. Bunu etiraf etmək lazımdır. Bu ölkənin nümayəndələri futbolla yanaşı, basketbol, voleybol, tennisdə də eyni cür uğurla çıxış edirlər. Özü də infrastruktur istənilən səviyyədə olmaya-olmaya.

Yaxşı yadımdadır, Azərbaycan Xorvatiya ilə səfərdə qarşılaşanda Daliç ölkədə müasir stadionların azlığından gileylənmişdi. O, Zaqrebdə yalnız “Maksimir” stadionunun olduğunu deyərək, bu arenanın köhnəldiyini vurğulamışdı. Hətta o, Azərbaycanı nümunə də çəkmişdi ki, Bakıda Olimpiya stadionu kimi idman qurğusu var, şəhərdə bir neçə müasir stadion mövcuddur. Zaqrebdə isə belə şərait yoxdur.
Şəraiti olmayan xorvatlar isə 2018-ci ilin dünya çempionatında gümüş, DÇ-2022-də isə bürünc medal qazandılar. Bir ucdan da dünya futboluna yeni-yeni futbolçular bəxş edirlər. Deməli, məsələ heç də şəraitdə deyil. İşi düzgün quranda, ağıllı planlama həyata keçirəndə istədiyinə nail olmaq mümkündür. Futbolu heç də bizdən güclü olmayan Qazaxıstanın seçmə komandası Millətlər Liqasında qrupun qalibi oldu, seçmə mərhələdə Danimarka üzərində qələbə qazandı. Bu komandaya inam verən, qələbəni gətirən baş məşqçi oldu. Bizdə isə De Byazi 0:5-dən sonra da “yaxşı oynadıq” deyir, AFFA ucdantutma milliləşdirmə siyasəti aparır. İndi də Zubirə Azərbaycan pasportu veriləcəyi ilə bağlı söz-söhbət yaranıb. Vallah, yüz Zubir də gəlsə, işlər təməldən doğru olmasa, heç nə gözləməyə dəyməz.

Vaxt gedir, məğlubiyyətlər sıralanır, məşqçilər gəlib pulunu qazanıb qayıdır ölkəsinə.

AYXAN

Bənzər xəbərlər