featured-image-68895

“Qəbələ”nin vingeri Domi Massoumounun Msport.az saytına müsahibəsi.

-“Zirə” ilə oyuna yaxşı başlayıb hesabı açsanız da, yekunda meydanı xalsız tərk etdiniz. Hesabda öndə olduğunuz və matça nəzarət etdiyiniz halda, niyə üstünlüyü əldən verərək məğlubiyyətlə üzləşdiniz?

-Sizin də qeyd etdiyiniz kimi “Zirə” ilə matçda ilk qolu vuran biz olduq. Məncə, biz yaxşı oyunumuzun sayəsində rəqib qapısına yol tapdıq. Qoldan sonra da bir neçə dəfə fərqi artıqmaq üçün imkanlarımız oldu. Hesabda geri düşdükdən sonra bərabərlik qolunu vurmaq şanslarımız var idi. Lakin təəssüf ki, əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Bu oyunda xal qazana bilmədiyimizüçün təəssüf hissi keçirirəm.

– Sanki məğlubiyyətə aparan yol Eşqin Əhmədovun qolla nəticələnən fərdi səhvindən sonra başladı. Bununla razısınız? Oyundan sonra həmin epizoda görə Eşqinə komanda yoldaşları tərəfindən irad tutuldu, yoxsa dəstək oldunuz?

-Buraxdığımız ilk qol kobud səhvin nəticəsində oldu. Amma bu o demək deyil ki, uduzmağımızın səbəbi məhz həmin səhv idi. Heyətdə olan isətnilən futbolçu səhv edir. Hamımızın başına gəlir. Bu, normal haldır. Təbii ki, komanda yoldaşımıza dəstək olduq, onu ruhlandırdıq.

-İlk 2 turdan sonra “Qəbələ”nin aktivində 1 xal var. Bu nəticə sizi razı salır?

-İlk oyunda “Karvan-Yevlax”la matçda qələbəyə çox yaxın idik. İkinci turda da məncə, 1 xal qazana bilərdik. Lakin fakt budur ki hazırda 1 xalımız var. Xallarımızın sayını artırmaq üçün maksimum gücümüzlə çalışıb növbəti görüşlərdə qələbə qazanmaq istəyirik.

 Çempionatın hər iki oyununda xeyli sayda qol epizodu yaratmısınız. Belə olan halda, qələbə qazanmaq üçün komandanızda nə çatışmır?

-Bəli, hər iki oyunda kifayət qədər qol imkanları yaratdıq. Lakin qol imkanlarından istifadə etməkdə çətinlik çəkirik. Ona görə də məşqlərdə bu problemi aradan qaldırmaq üçün çalışırıq. Ümid edirəm ki, qarşıdakı oyunlarda nəticə də ürəyimizcə olacaq.

– Ötən mövsümdən “Qəbələ”nin formasını geyinirsiniz. Yayda edilən transferlər komandaya necə təsir edib? Yeni gələnlər “Qəbələ”nin gücünə güc qata biliblər?

-Məncə, hazırda komandamızın heyəti normaldır. Düşünürəm ki, bu heyətlə müəyyən nəticələrə çatmaq mümkündür. Amma bunun yolu çox çalışmaqdan və səhvlərimizdən nəticə çıxarmaqdan keçir.

– Növbəti turda “Araz-Naxçıvan”ın qonağı olacaqsınız. Şansları necə dəyərləndirirsiniz?

-“Araz Naxçıvan” da güclü komandadır. Rəqibə hörmət edirik. Lakin bu o demək deil ki təslim olacayıq. Növbəti turda da qələbə üçün əlimizdən gələni edəcəyik.

Bənzər xəbərlər