"Real Madrid" "Arsenal"a, "Bavariya" "İnter"ə uduzdu
Çempionlar Liqasında 1/4 final mərhələsi start götürüb.
Msport.az xəbər verir ki, ilk oyunlar çərçivəsində iki matç keçirilib.
“Arsenal” Londonda “Real”ı sınağa çəkib. Oyunun birinci hissəsində hesab açılmayıb. Fasilədən sonra “topçular” madridliləri top atəşinə tutublar. Deklan Rays iki dəfə cərimə zərbəsindən fərqlənib. Daha bir qolu Mikel Merino vurub. Bu qələbə “Arsenal”ı yarımfinala bir addım yaxınlaşdırıb.
“İnter” Münhendə “Bavariya”nın qonağı olub. Qonaq komanda Lautaro Martineslə hesabı açsa da, sona yaxın münhenlilər Tomas Müllerlə bərabərlik qolunu vurublar. Amma matçın başa çatmasına 2 dəqiqə qalmış “İnter” növbəti dəfə fərqlənib. Davide Fratezi çətin səfərdə komandasına vacib qələbə qazandırıb.
Qeyd edək ki, ilk oyunlara aprelin 9-da keçiriləcək iki görüşlə yekun vurulacaq.