Şahruddinin məhv etdiyi xəyallar...əldən çıxan milyonlar
“Qarabağ” Çempionlar Liqasının bir addımlığında turnirlə vidalaşdı. Amma hər şey o qədər yaxın idi ki…Bəlkə də həmin anda azarkeşlər ürəklərində Bakıya hansı klub gəlsin deyə, xəyal qururdular – “Real”, “Liverpul”, “Yuve”…
Çempionlar Liqası təkcə ad, nüfuz, fərqli platforma deyil, həm də böyük pullar deməkdir. Təəssüf ki, bizdə məsələnin bu tərəfi o qədər də qabardılmır. Sanki “Qarabağ”ın adı, mənəvi tərəfi daha vacibdir, görüntüsü yaradılır. Razıyam, “Qarabağ”ın adının ÇL-də çəkilməsi, həm də siyasi məsələdir. Bəs ilin-günün bu cür çətin vaxtında qrupa düşməyə görə gələcək bonus? Məgər kluba bu lazım deyil?
İllər boyu Azərbaycanda “idmana dövlət pul xərcləməlidir” düşünsəsi ilə hakim olub. Çünki dövlət özü idmançıları buna öyrəşdirib. Dəfələrlə şahidi olmuşuq ki, Olimpiya oyunlarında medal qazanan atletlər özlərinə yaxşı gün-güzəran qurduqdan sonra növbəti yarışlara heç bir maraqları qalmayıb.
Məhəmmədrəsul Məcidov boks üzrə 3 qat dünya çempionu oldu, Olimpiya oyunlarının bürünc medalını qazandı. Amma Boks Federasiyası onun son suyunu da sıxıb çıxarmayana qədər buraxmırdı ki, Məcidov Olimpiya çempionu olsun. Yəqin ki, bu, idmançının özünü də qane edirdi, yaxşı maaş alırdı, Bakıda evlə təmin olunmuşdu, 444 nömrəli avtomobil, güzəştlər, imtiyazlar. Amma Məcidovla eyni vaxtda həvəskar boksda olanlar Coşua, Usik çoxdan artıq peşəkar rinqdə uğurlar qazanırdılar. Məcidova isə vaxtında peşəkar boksa keçməyə imkan vermədilər. O, elə yaşda peşəkar boksa getdi ki, artıq nəsə əldə etmək çətin idi və döyüşlərin birində ağır zədə aldı. Bu cür misalları çox çəkmək olar.
***
“Qarabağ”ı Çempionlar Liqasından cəmi 32 dəqiqə ayırırdı. Amma Şahruddin Məhəmmədəliyev imkan vermədi ki, Ağdam klubun adı Avropanın “əjdahaları” ilə bir sırada çəkilsin. Şahruddini həmişə ürəkli, qorxmaz, cəsur qapıçı hesab etmişəm. Bu biliriniz, nəyə bənzəyir? Şahruddin fiziki gücü, cəsurluğu olan dağlar oğludur, amma məktəb yoxdur. Gəlir bir-iki döyüşü udur, lakin həlledici məqamda elə pis nokauta düşür ki, ayağa qalxması belə çətin olur. Yəqin ki, boks, güləşlə məşğul olanlar bu məsəli eşidən kimi dodaqaltı gülümsünüb kimisə xatırlayacaqlar.
İndi deyilir ki, “Şahruddin “Qarabağ”ı çox xilas edib, bir çox oyunların qəhrəmanı olub, bir səhvə görə onun üstünə belə getməyək”. Amma gəlin baxaq görək, Məhəmmədəliyev hansı məqamlarda komandanı pis vəziyyətdə qoyub? Ötən il “Omoniya” ilə Bakıdakı görüş hamının yadındadır. Əgər qapıçı o qədər irəli çıxıb meydanın mərkəzindən vurulan topu buraxmasaydı, “Qarabağ” Konfrans Liqasında birbaşa 1/8 finala çıxacaqdı və daha pley-off-a ehtiyac qalmayacaqdı. Yaxud da dünənki qol. “Qarabağ” demək olar ki, Şahruddinin naşılığının və yersiz emosionallığının qurbanı oldu.
Dünən oyundan sonra keçirilən mətbuat konfransında Qurban Qurbanov da qeyd etdi ki, danışıq apardıqları futbolçular arasında qapıçı yoxdur. Bu onu göstərir ki, “Qarabağ”ın baş məşqçisi qapıçısına güvənirdi, bəlkə də hesab edirdi ki, Şahruddin artıq ciddi məqsədlər üçün “bişib”, hazırdı. Lakin qolkiper bu dəfə də məşqçinin ümidlərini puça çıxardı. Görək, bundan sonra bizi Şahruddinin hansı sürprizləri gözləyir.
ELNUR MƏMMƏDLİ