Azər Bağırov: “Kiminsə adını yüz faiz çəkmək mümkün deyil”
“Kəpəz” Azərbaycan Premyer Liqasının XIX turunda Tovuz şəhər stadionunda “Turan Tovuz”u 5:2 hesabı ilə məğlub edib.
Msport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Xırda anlaşmazlığa görə Tovuz azarkeşlərindən üzr istəyirəm. Çətin oyun oldu. Rəqib müdafiəçilərin olmaması bizim üstünlüyümüz idi. Bir də belə fürsət əlimizə düşməyə bilərdi. Uşaqları matça yaxşı kökləmişdik. Son dəqiqəyə qədər mübarizə apardıq, komanda istədiklərimizi həyata keçirdi.
– Bunun davamını “Səbail”lə matçda gətirmək mümkün olacaq?
– Onu zaman göstərəcək. Son matçlarda komanda yaxşı, mübariz oyun göstərir. Futbolçular artıq nə istədiyimizi bilirlər. Mübarizə aparmaq və səhvləri minimuma endirmək lazımdır. Artıq nəsə etmirik.
– Bu qələbə futbolçuların uğurudur, yoxsa gələcəyi gözlənilən sponsorun ayaq səsləridir?
– Uşaqların uğurudur. Nə qədər sponsor və məşqçi gəlsə, meydanda tapşırıqları icra edənlər futbolçulardır. Əsl uğur onlarındır.
– Hansı mövqelərə transferlər olacaq?
– İstədiyimiz futbolçular var. Qışda kiminsə adını yüz faiz çəkmək mümkün deyil. Maltalı futbolçu ilə bağlı xəbərlər var idi. Onun yolunu gözləyirik. Elə şeylər var ki, açıqlayanda alınmamaq ehtimalı olur.
– “Səbail”in dünənki qələbəsi komandanızı oynadırdı?
– Biz öz oyunumuza baxırıq. O barədə heç nə danışmamışdıq. Sədəcə olaraq, komandanı oyundan-oyuna hazırlamağa çalışırıq.
– Turan Manafovun hazırkı durumunu necə dəyərləndirirsiniz?
– Pis oynadı və ya yaxşı oynadı deyə bilmərəm. Qollarımızı vurdu. Turan çox çalışmalıdır, potensiallı oyunçudur. Daha inamlı, daha iradəli olmalıdır. Azərbaycanda sol ayaqlı ən yaxşı futbolçulardan biridir. Sadəcə, daha çox işləməlidir.