“Turan Tovuz”la oyunda zədələnən ulduz futbolçu əməliyyat olacaq
“Fənərbağça”nın yarımmüdafiəçisi Marko Asensio dizindəki zədə səbəbindən əməliyyat olunacaq.
Msport.az xəbər verir ki, bu barədə İstanbul klubunun futbol direktoru Oğuz Çətin klub televiziyasının efirində məlumat verib.
Klub rəsmisinin sözlərinə görə, ispaniyalı futbolçu Azərbaycanda “Turan Tovuz”la keçirilən yoldaşlıq görüşündə 83 dəqiqə meydanda olub. Qarşılaşmadan sonra onun dizində şişkinlik yaranıb. Tibbi müayinələr nəticəsində Asensionun diz qapağının arxasındakı qığırdaqda zədə aşkarlanıb. Həkimlər problemin aradan qaldırılması üçün cərrahi müdaxiləyə qərar veriblər.
Futbolçunun gələn həftə əməliyyat olunması nəzərdə tutulur.
İspaniyalı yarımmüdafiəçinin əməliyyatdan sonra nə qədər müddət yaşıl meydanlardan uzaq qalacağı hələ açıqlanmayıb.







