featured-image-20073

“Belə vəziyyətlərdə çox vaxt itirən tərəf futbolçu olur. Hamı Kadinin “Krasnodar”a nəyə görə getdiiyni bilir. Pul amili vacib rol oynadı”.

Bunu Msport.az saytına açıqlamasında “Şamaxı” Futbol Məktəbinin koordinatoru və ötənlərin məşhur hücumçusu Vəli Qasımov Kadi Borgesin “Qarabağ”ı Rusiya “Krasnodar”ına dəyişməsi barədə danışarkən deyib.

55 yaşlı mütəxəssisin sözlərinə görə, Ağdam klubundan gedənlərin çoxu sonradan geri qayıtmaq istəyir: “Əksəriyyətinin oyunu alınmır. Adaptasiya dövrü çətin keçir. Bu mənada bunu futbolçu tərəfdən yanlış addım hesab edirəm. Kadi özünü “Qarabağ”da çox yaxşı göstərirdi. Komanda ilə qrup mərhələsində iştirak etdi. Əslində Ağdam klubu onu buraxmazdı. Sadəcə, ortada pul söhbəti oldu deyə saxlaya bilmədilər. İstədiyi maaşı verə bilməyəndən sonra futbolçunu saxlamaq qeyri-mümkündür”.

O bildirib ki, braziliyalı hücumameylli yarımmüdafiəçi də gələcəkdə böyük ehtimalla peşman olub geri qayıtmaq istəyəcək: “Qarabağ”dan gedənlərin 90 faizində belə oldu. Biri var futbolçu ehtiyatda qaldığı üçün getmək istəyir, biri də var pula görə. Kadinin yerində olsaydım, getməzdim. Çünki burada karyerası daha yaxşı alındı. Rusiyada vəziyyətinin necə olacağı isə bilinmir”.

Futbolçu karyerasında Moskvanın “Spratak” və “Dinamo” klublarında oynamış Qasımovun fikrincə, Kadi Rusiya çempionatında fiziki cəhətdən problem yaşamayacaq: “Amma buradakı kimi seçilməyəcək, nəzərə çarpmayacaq. Orada fərqli futbola üstünlük verilir. Qalsaydı, onun üçün daha rahat olardı. Azərbaycan futbolunda yaxşı iz qoydu. İstənilən halda ona uğurlar arzu edirəm”.

Təcrübəli mütəxəssis “sambaçı”nın gedişinin “Qarabağ” üçün ciddi itki olduğunu etiraf edib: “İndi, gərək, Kadinin əvəzinə ən azı onun qədər yaxşı oyunçu alsınlar. Bilirik ki, bu gün hazır futbolçu tapmaq çox çətindir. Ya müqavilələri var, ya da qiymətləri yüksəkdir. Oynamayan futbolçunu da gətirirsən, uyğunlaşıb-uyğunlaşmayacağı bilinmir. “Qarabağ”ın qarşıda vacib oyunları var. Bəlkə də daha yaxşısını tapacaqlar. Amma bu, bir günün işi deyil. Bəzən aylarla axtarmalı olursan”.

Bənzər xəbərlər