"12 il bura qədər gəlmək fantastik göstəricidir" - Rəşad Sadıqov
Azərbaycan Premyer Liqasının III turu çərçivəsində “Neftçi”ni qəbul edən “Zirə” minimal hesablı qələbə qazanıb – 1:0.
Msport.az xəbər verir ki, oyundan sonra “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin önünə çıxıb.
“Olduqca maraqlı oyunun şahidi olduq. İlk dəqiqələrdən meydanda aqressiv oyun, taktiki döyüş gedirdi. Heç kim bir-birinə güzəşt etmək istəmirdi. Birinci hissədə eyni səviyyədə oyun keçdi. İkinci yarıda daha sürətli oynamağa çalışdıq. Qəti şəkildə müdafiəyə oturmaq istəmirdik. Şükürlər olsun ki, futbolçularımız tapşırıqları yerinə yetirdilər, əzmkar mübarizə apardılar. Qarşımızda çox güclü rəqib var idi. Vacib üç xal qazandıq. Futbolçuları, rəhbərliyi təbrik edirəm. Bu gün futbolçularımın əzmkarlığı ilə fəxr etdim”.
– Yuri Vernidub qeyrir-rəsmi dedi ki, hakimlər “Zirə”ni sevir, üç oyunda da eyni ssenari olub…
– Bir az öncə “CBC Sport”da da eyni sual ünvanlandı mənə. Eyni sözü deyəcəm. Son iki oyunda sadəcə bir hakim səhvi var idi. Orada da bərabər səviyyəli oyun keçirdi, rəqib fərqləndi. Sonradan oyunu üzərimizə götürdü. Biz də etiraf etdik. Yuri Verniduba böyük rəğbətim var, məşqçi kimi, davranışları..Sevinirəm ki, bizdə belə məşqçi işləyir. O, 5-6 aydır buradadır. Bilmir ki, illər boyu “Zirə” hakim səhvlərindən əziyyət çəkib. Hansısa mübahisəli epizodu xatırlamıram. Ola bilər emosionaldır, yaddaşında da o oyun qalıb, belə fikir deyib. Mənim ona qarşı hisslərim dəyişilməz olaraq qalır.
– Nədənsə narazı qaldığınız məqam oldu? Oyun planında…
– Son ötürmələrdə, son zərbələrdə daha dəqiq olsaydıq..Bu tip rəqiblərə qarşı bir top fərqi ilə qalib gəlmək çox çətindir. Son dəqiqələrdə üzərimizdə basqı yaratmışdılar. Davit Volkovun qaçırdığı qol epizodu var.
– Final fitindən sonra Verniduba tərəf getdiz, amma salamlaşmadı…
– Doğrudur. Yaxınlaşıb sağollaşmaq istədim. Birbaşa paltardəyişmə otağına getdi. Üçüncü oyundur aramızda. Keçən oyunun sonu da gərgin keçmişdi. Ondan sonra da əlimizi sıxmışdıq. “CBC Sport”a açıqlamadan qayıtdıqdan sonra bildirdim ki, yaxınlaşmışdım. O da dedi ki, məyus idim deyə, paltardəyişmə otağına getdim.
– Junior Martinsi pul əldə etmək üçün satdınız, yoxsa necə?
– Junioru satmaq planlarımıza daxil deyildi. Biz sol vingerlərə baxmırdıq ki, Eren və Junior var. Junior mənimlə uzun-uzadı danışdı, çox yaxşı təklif gəlmişdi. Rəhbərliyimizə bildirdim. Onlar da transferin qarşısını almaq istəmirdi. Bizdə çox uğurlu çıxış edirdi. Çox faydalı idi, “Torpedo”ya qarşı yaxşı idi. Maliyyə qazancımız da oldu. Bu da mütləqdir. Gələn futbolçu düşünməlidir ki, bu klubdan harasa getmək olur. Rəhbərlik bizə 4-5 transferə imkan verib. Biz sadəcə seleksiya aparırıq. Ehtiyat qüvvəmizdə problemimiz var. İssa Cibralını ehtiyatda saxladıq. Şifahi iki futbolçu ilə anlaşmışıq. Sadəcə imza atılmayınca, nəsə demək olmur.
– “Qarabağ”ın avrokuboklara düşə bilməməsinə görə Qurban Qurbanova olan tənqidlər haqda fikriniz necədir?
– Məyusluq yaşayıram. O fikirləri səsləndirən bəzi insanlara görə bu məyusluğu yaşayıram. Onların adına, heyfslənirəm. Bu söhbəti dostlarıma demişəm, heyfslənirəm ki, həqiqətənmi bu təfəkkürdəyik? “Qarabağ” əlindən gələni etdi. Rəqib çox ciddi idi, püşk də çətin gəldi. “Dinamo” (Kiyev), “Tvente”…Zədələr..bu məqamlar olduqca önəmlidir. Hər şeyin uğurlu alınması üçün…Vəziyyəti hamımız başa düşürdük. Bu cür anlarda nə etmək olar? İlk oyunda alındı, amma cavab görüşündə rəqib bir az da “Qarabağ”ı daha yaxşı tanıdı və ikinci oyuna çox motivasiya ilə çıxmışdılar. Düşünürəm ki, Qurban müəllim daha da güclü dönəcək. Təsəvvür edin, uduzmaq limiti yoxdur, bir oyun uduzur millidən göndərilir,.. 12 il bura qədər gəlmək fantastik göstəricidir.







