AFFA-nın nümayəndəsi UEFA-nın tədbirində iştirak edib
AFFA-nın Hüquq şöbəsinin rəisi Günay Zamanlı UEFA Akademiyasının və IMD Biznes Məktəbinin birgə təşkilatçılığı ilə İsveçrənin Lozanna şəhərində keçirilən “UEFA Women in Football Leadership Programme 2025” təhsil proqramında iştirak edib.
Msport.az xəbər verir ki, proqramın əsas məqsədi futbol idarəçiliyində qərarverici vəzifələrdə çalışan qadınların liderlik bacarıqlarının inkişaf etdirilməsi, liderlik potensialının artırılması, onların qərarvermə proseslərində iştirakının gücləndirilməsi və peşəkar inkişafına dəstək göstərməkdir.
Bununla yanaşı, proqram qadınların futbolun gələcəyində rolunun gücləndirilməsinə və beynəlxalq təcrübə mübadiləsinin təşviqinə xidmət edir.
Proqram çərçivəsində keçirilən beş günlük intensiv sessiyalarda dünyanın müxtəlif futbol təşkilatlarını təmsil edən 36 qadın mütəxəssis liderlik, strateji idarəetmə və şəxsi inkişaf mövzularında müzakirələr apararaq biliklərini artırıb, qlobal futbol ailəsində geniş şəbəkələşmə və təcrübə mübadiləsi imkanı əldə edib.