“Aris”in baş məşqçisi: “Bu mənzərə utancverici idi”
“Araz-Naxçıvan”la matç “Aris” futbolçuları üçün utancverici olub.
Msport.az xəbər verir ki, bunu “Aris”in (Yunanıstan) baş məşqçisi Marinos Uzunidis UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri cavab oyununda sonra mətbuat konfransında deyib.
Mütəxəssis mübarizəni dayandırdıqları üçün üzgün olduqlarını söyləyib:
“Bu mənzərə stadiona gələnlər üçün utancverici idi. Lakin tək azarkeşlər yox, futbolçularımız üçün də utancverici gecə idi. Qarşılaşmanın əvvəlində buraxdığımız səhvlərin bədəlini ağır ödədik. Rəqibin qırmızı vərəqə alması işimizi asanlaşdırdı. Lakin ikinci qolu çox gec vurduq. Mövsüm boyu avrokuboklar üçün hazırlaşırsan, təəssüf ki, sonluq bəzən belə ola bilir. Məğlubiyyətin məsuliyyətini öz boynuma götürürəm. Təxminən iki həftəyə qurulan heyətimiz var. Nə olursa olsun, başımızı dik tutmalıyıq”.
O, oyun zamanı VAR tədbiqinin olmamasından şikayətlənib: “VAR tədbiq edilən zaman vəziyyət fərqli olur. Başqa bir epizodda “Araz-Naxçıvan”ın futbolçusuna növbəti qırmızı vərəqə verilə bilərdi. Bəlkə, VAR olsaydı, penalti epizodu ləğv edilərdi. Bu məğlubiyyət futbolçularımıza təcrbə qazandıracaq”.
Qeyd edək ki, Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda baş tutan “Aris” – “Araz-Naxçıvan” matçı 2:2 hesablı bərabərliklə yekunlaşıb. İlk qarşılaşmada 2:1 hesablı qələbə qazanan Azərbaycan təmsilçisi III təsnifat mərhələsinə yüksəlib.