“Arsenal” gürcü futbolçuya görə Vinisiusdan imtina edib
Xviça Kvaratsxeliyanın uğurlu çıxışından sonra Avropanın top-klubları gürcü futbolçuları daha yaxından izləməyə başlayıb.
Msport.az xəbər verir ki, Andriya Bartişvili də Gürcüstan futbolunun növbəti böyük istedadı hesab olunur.
Gənc futbolçu sentyabrda “Arsenal”la müqavilə imzalayıb. 17 yaşlı Bartişvili Gürcüstan çempionatının əsas kəşflərindən biridir. Gənc futbolçunun üslubu Xviça Kvaratsxeliya və Kenan Yıldızı xatırladır.
“Arsenal” daha əvvəl Vinisiusu heyətinə qatmaq istəsə də, bu transfer baş tutmayıb. Bartişvili isə “topçular”ın həmin mövqedəki yeni seçimi ola bilər.
Gürcü futbolçu 2027/28 mövsümündən tez “Arsenal”ın əsas komandasında oynaya bilməyəcək. Andriya hələ yetkinlik yaşına çatmadığı üçün yaxın müddətdə Gürcüstanda çıxışını davam etdirəcək. O, yerli “İberiya 1999”un heyətində artıq Çempionlar Liqası və Avropa Liqasının seçmə mərhələlərində oynayıb.
“Arsenal” gənc futbolçu üçün 4,5 milyon avro ödəyəcək. Müqavilənin beş illik olması planlaşdırılır.







