Ayxan Abbasov: “Gələn il daha yaxşı olmaq üçün…”
“Şamaxı” Azərbaycan Premyer Liqasının 31-ci turunda doğma meydanda “Kəpəz”i 2:1 hesabı məğlub edib.
Msport.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Ayxan Abbasov oyundan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.
O, stressli oyun olduğunu bildirib: “Azarkeşlərimizin dəstəyi möhtəşəm idi. Onlara təşəkkür edirəm. Evdə udmaq istəyirdik. İstədiyimiz qələbə idi. Amma çətin oldu. Meydanda yaxşı mübarizə getdi. Növbəti matçlarda yüksək motivasiya ilə oynamalıyıq. Bizdən yuxarıda olan komandalara çata bilərik. Biz inanırdıq ki, “Şamaxı” istəyinə çatacaq. Az qalıb. Gələn il daha yaxşı olmaq üçün bu oyunlar vacibdir”.
Baş məşqçi növbəti turda “Turan Tovuz”la keçiriləcək səfər görüşünə də münasibət bildirib: “Turan Tovuz”un motivasiyası yüksəkdir. Evdə oynayırlar, 3-cü yer şansları var. Çox çətin oyun olacaq. “Turan Tovuz”la 3 matçın heç birində pis oynamamışıq. Meydanda kim olacaqsa, əlindən gələni edəcək. Futbolçularıma inanıram”.