Ayxan Abbasov: “Sirri tapsaydıq, xal alardıq”
“Şamaxı” Azərbaycan Premyer Liqasının XIX turunda səfərdə “Qarabağ”a 2:3 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, qonaqların baş məşqçisi Ayxan Abbasov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Maraqlı oyun alındı. Birinci hissə qollarla başladı. İkinci hissədə rəqibin daha çox təzyiq edəcəyini bilirdik. Cüzi səhv etdik, rəqib bizi əks-hücumda tutdu. Təəssüflənirik ki, xal qazana bilmədik. Oyun baxımından futbolçulardan razı qaldım. Bəzi futbolçular tam hazır deyil. Amma yeni gələnlər də çempionatımızı hiss etdi. Leroy Mikelsin yoxluğu oyunumuza təsir etdi. Mövsümün sonuna qədər maraqlı oyunlar olacaq. Komandadan 8 futbolçu ayrıldı. Onların yerini doldurmalıydıq. Qışa qədər bir çox oyunlarda əziyyət çəkdik. Gedən futbolçuların yerlərini doldurduq. Üç yerli, dörd əcnəbi oyunçu gətirdik. Bu gün Cəlal Hüseynov, Murad Vəliyev oynadı. Digərləri legionerlərdir. Qışda yerli transfer etmək çətindir. İstəyərdik, amma olmadı. İlk növbədə qarşıya qoyulan məqsədə çatmaq istəyirik. İndi daha rəqabətli heyətimiz var. Bu da futbolçuların böyüməsində rol oynayacaq.
– Transfer pəncərəsində ən aktiv komanda “Şamaxı” idi. Sizcə, gələn futbolçular nə vaxta tam hazır olacaq?
– Hazır olanlar da var. Sifariş olan Alfonso hazır idi. Vladislav Veremeyev də hazırdır. Andrey Tirkovenu daha yaxşı olacaq. İki turdan sonra zədə olmasa, tam formaya düşəcəklər.
– İki oyundur ki, “Qarabağ”a çətinlik yaradırsınız. Sirri tapmısınız?
– Sirri tapsaydıq, xal alardıq (gülür). Futbolçularım inamlıdır. Şamaxıdakı oyunda xal ala bilərdik. Qol da vurmuşduq. Bu gün də hesabda önə keçə bilərdik. Futbolçulardan tələbimiz hücumda və müdafiədə yaxşı oynamaqdır. Çempionatda 2 komanda var ki, xal ala bilməmişik. Onlardan biri “Qarabağ”dır. Yəqin ki, son oyuna qaldı. “Qarabağ”a qarşı oynamaq əlavə motivasiyadır. İstəyimizə çata bilmədik. Demək ki, daha da çalışmaq lazımdır.