“Azərbaycan millisinin futbolçularının əksəriyyəti xaricdə oynayır”
“Azərbaycan millisinin futbolçularının əksəriyyəti xaricdə oynayır. Onların çoxu Türkiyə və Rusiya çempionatlarında top qovur”.
Msport.az xəbər verir ki, bunu qadın futbolçulardan ibarət Portuqaliya millisinin baş məşqçisi Fransisko Neto deyib.
O, AVRO-2025-in pley-off mərhələsinin püşkünə münasibət bildirib. Neto Azərbaycan yığması ilə görüşdə komandasını üstün sayır: “Rəqibi yaxşı təhlil etmişik. Azərbaycana qarşı görüşlərdə favorit olduğumuzu etiraf etməliyik. Onlar bu mərhələdə ilk addımlarını atan ölkələrdəndir. Amma rəqibə böyük hörmətlə yanaşırıq. Çünki biz də 10 il əvvəl onların mövqeyində idik və daha sonra Avropa çempionatına vəsiqə qazandıq. Rəqibimiz adətən 4-3-3 və ya 4-5-1 taktiki sxemi ilə çıxış edir”.
Qeyd edək ki, millimiz Portuqaliyaya qarşı ilk oyununu oktyabrın 23-də evdə, cavab matçını isə oktyabrın 29-da səfərdə keçirəcək.