Berezutski: “Bu cür səhvlər edəcəyiksə…”
“Sabah”Azərbaycan Premyer Liqasının XXI turunda səfərdə “Kəpəz”ə 2:3 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Vasili Berezutski matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
– Bu cür səhvlər edəcəyiksə, əlbəttə ki, qalib gəlmək çox çətin olacaq. Belə halları şərh etmək çətindir. Rəqib heç bir hücum etmədən 3 qo vurur. Çox üzücüdür. Amma bu, futboldur.
– Rəqib pressinq tətbiq etməklə “Sabah”ı səhvlərə məcbur edirdi. Düşünmürsünüz ki, həmin istək sizin komandada yox idi?
– Biz istəkdə rəqibə uduzmadıq. Azlıqda qaldanda belə, təzyiq edirdik, qol vəziyyətləri yaradırdıq.
– Qış fasiləsindən sonra 3 oyunda 2 xal toplamısınız. Qarşıda daha çətin rəqiblərlə matçlar var. Bu gedişlə “Sabah” hansı komandaları üstələyə biləcək?
– Razıyam ki, özümüzə çətinliklər yaratdıq. Əlimizdən gələni edəcəyik ki, qarşıdakı matçlarda hər rəqibə qalib gələk.
– Yeni qapıçı Stas Pokatilov növbəti matçda meydanda olmağa hazırdır?
– O, yaxşı hazırlaşır. Amma biz bu barədə qapıçılar üzrə məşqçilərlə danışacağıq. Kim daha hazırdırsa, ona şans verəcəyik.
– “Sabah”ın bu qədər xal itkilərinin əsas səbəbi nədir?
– “Neftçi” ilə oyun heç-heçəlik idi. “Sumqayıt”la görüşdə çoxlu qol fürsətlərini dəyərləndirə bilmədik. Bu gün isə edə biləcəyimiz bütün səhvləri etdik və qapımızda 3 qol gördük.
– Çempionatdakı xal itkilərindən sonra avrokuboklara vəsiqə üçün əsas diqqəti kuboka yönəldəcəksiniz?
– Bəli. Kubok bizim üçün prioritetdir. Kuboku qazanmaq üçün hər şeyi edəcəyik. Amma çempionat oyunlarını da unutmayacağıq.