"Berezutski top-3-ə düşə bilsə, yaxşı nəticə olacaq" - Rusiya mətbuatı
Rusiyanın “championat.com” saytı ölkə xaricində işləyən məşqçiləri barədə yazı dərc edib. Msport.az xəbər verir ki, məqalədə “Sabah”ın baş məşqçisi Vasili Berezutski və onun “Turan Tovuz”dakı həmkarı Kurban Berdıyev haqqında da fikirlər yer alıb:
Vasili Berezutski, 42 yaş, “Sabah”
“ÇSKA, “Krasnodar” və “Şanxay Şenxua”da köməkçi işlədikdən sonra Vasili nəhayət ki, ilk dəfə müstəqil çalışmaq imkanı qazandı. Azərbaycanın “Sabah” klubu xorvatiyalı Krunoslav Renduliçi istefaya göndərdi və noyabrın 25-də komandaya rusiyalı məşqçi rəhbərlik etməyə başladı. Pis başlamadı: beş oyunda 3 qələbə, heç-heçə və məğlubiyyət. Komandanın məqsədi konkret olaraq göstərilməsə də, Berezutski top-3-ə düşə bilsə, yaxşı nəticə olacaq. İndi komanda çempionatda 5-ci yeri tutur və 3-cü sırada gedən klubdan 6 xal geri qalır. Çempionat maya kimi davam edəcəyindən Berezutskinin hələ vəziyyəti düzəltməyə vaxtı olacaq.
Kurban Berdıyev, 72 yaş, “Turan Tovuz”
“Berdıyev 2024-cü ilin yayında Mahaçqala “Dinamo”sundakı menecer vəzifəsini başa vuraraq yenidən məşqçiliyə döndü. Düzdür, onun yeni iş yeri yetərincə təəccüb doğurdu, 72 yaşlı mütəxəssis Azərbaycanın “Turan Tovuz” komandasına rəhbərlik etməyə başladı. Berdıyev pis başlamadı: 18 turdan sonra Tovuz klubu 3-cü yeri tutur. Amma görünür ki, bu maksimumdur. “Araz Naxçıvan” onları 7 xal qabaqlayır, “Qarabağ” isə hamıdan öndədir. “Turan” mövsümü bürünc medalla başa vursa, bu, super nəticə olacaq. Komanda sonuncu dəfə 1995-ci ildə mükafatçılar sırasına düşüb.