featured-image-19626

Mahmud Qurbanovun “Səbail”dən istefası ilə mövsümdə 3-cü məşqçi gedişi baş verdi. Buna qədər “Kəpəz”də Yaşar Vahabzadəni Tərlan Əhmədov, “Sumqayıt”da isə Aleksey Baqanı Samir Abasov əvəzləmişdi.

“Səbail” Azərbaycan kubokunda yarımfinala yüksəlsə də, Premyer Liqada sonuncu pillədədir. Hələ bir neçə həftə öncə qeyd etmişdik ki, Qurbanova qış kimi vaxt verilib. Həqiqətən də belə oldu. Büdcəsinə görə ikinci “beşlik”dəki bütün komandaları qabaqlayan “Səbail”in məşqçi sarıdan bəxti gətirmədi. Qurbanov isə “dənizçilər”in sükanı arxasında iki böyük səhvlə yadda qaldı. Birini indi özü də müsahibəsində etiraf edib – yanlış, tələsik transferlər. Digəri isə onun məşqçilər korpusu ilə bağlı idi. Adətən yeni-yeni məşqçliyə başlayan mütəxəssislər həmişə yanlarına bu sahəni əla bilən ən azı bir nəfəri gətirirlər. Qurbanovun ətrafinda isə müasir futboldan xeyli geridə qalan Tofiq Mustafayev, daha çox seleksioner-menecer kimi tanınan Zaur Ramazanov idi. Bu cür heyətlə uzağa getmək olmaz.

“Səbail”in yeni baş məşqçisi Msport.az-ın yazdığı kimi Şahin Diniyev oldu. Diniyev hələ Vahabzadə “Kəpəz”dən göndəriləndə Gəncə klubuna getməyə ən real namizəd idi. Rəhbərliklə danışıqları da olmuşdu, amma şərait, klubun gələcək planları onu qane etmədiyindən müqaviləyə qol çəkmədi. “Səbail” isə onun üçün yaxşı imkandır. 56 yaşlı mütəxəssis uzun müddətdir ki, aktiv məşqçi fəaliyyəti ilə məşğul deyil. O, son dəfə 2017-ci ildə “Kəpəz”də işləyib. Bu müddət ərzində isə AFFA Məşqçilər Komitəsində çalışırdı. Görünür, Diniyevin “Səbail”ə getməsində AFFA rəhbərliyinin də xeyir-duası olub. Böyük futbol üçün darıxan Şahin müəllim bu dəfə daha imkanlı, şəraiti olan yerdə işləmək istəyirdi. Bu baxımdan “Səbail” onun üçün əla variant idi.

Maraqlıdır, Diniyev Zaur Ramazanovun qardaşı Ağabalanı komandada saxlyacaqmı? Ümumiyyətlə, “dənizçilər”in transferlərdə ciddi səhvləri olub və yeni baş məşqçi qısa vaxt ərzində bu məsələləri yoluna qoymalıdır. Diniyevin məşqçi kimi böyük təcrübəsi olsa da, o, 5 ildir ki, faktiki olaraq bu sahədən uzaq düşüb. Məşqçilik isə elə bir sahədir ki, hər gün yeni nəsə öyrənirsən. Baxaq görək, Diniyev 5 il ərzində  AFFA-da çox “pas” atmayıb ki?

AYXAN  

 

Bənzər xəbərlər