“Bu barədə Rövşən müəllimə məlumat vermişdim” – Qurban Qurbanov
Azərbaycan Premyer Liqasının XXX turunda keçirilən “Səbail” – “Qarabağ” (1:4) matçından sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Futbolçularımı təbrik edirəm. 4:1 hesabı ilə qalib gəlməyimizə baxmayaraq, rəqib yaxşı oynadı. Ümumən azarkeşlərimizə təşəkkür edirəm. Futbolçularımızı oyundan qopmağa qoymadılar. Elvinə uğurlar arzulayıram. Qarşıda “Neftçi” ilə oyunuz var.
– Həmin görüşə qədər 8 günlük fasilə var…
– İnanın ki, yanvardan bu yana hətta özüm hazırlıq proqramımızdan şikayətçi idim. Elə günlər olurdu ki, axsaq nöqtələrimizin üstündə məşq edə bilmirdik. Bu 8 günün çox xeyir verəcəyini düşünürəm. Həmin çatışmazlıqları da aradan qaldıracağımıza ümid edirəm. Düzgün faydalanmağa çalışacağıq.
– Kubok matçında hansısa rotasiyalar gözlənilir?
– Sıx qrafik olanda rotasiyalar edirdik. İndi çalışacağıq ki, əsas heyətlə meydana çıxaq. Hər oyuna maksimum dərəcədə düzgün heyətlə çıxmağa çalışırıq. Kuboka çox ciddi hazırlaşırıq. Çünki bizi qarşıda avrokubok oyunları gözləyir. Futbolçuların performansının düşməsinə icazə verə bilmərik.
– Kevin Medina 3-4 oyundur ki, meydanda deyil. Səbəbini bilmək olar?
– Sadəcə, Mateus Silvanı oynatdım. Həm limitlə bağlıdır, həm də Silva o mövqedə yaxşıdır.
– Artıq 4-cü dəfədir ki, İcraiyyə Komitəsinin iclasında iştirak etmirsiniz. Əsasnaməyə görə İK üzvlüyündən kənarlaşdırıla bilərsiniz…
– Düzü sayını bilmirəm. Amma heç bir yığıncağa icazəsiz getmədiyim vaxt olmayıb. Bu gün də komandanın məşqi var idi. Dünən bildirmişdim. Komandanın vəziyyəti yaxşı olsa belə, futbolçuları yalnız qoymaq istəmirəm. Biz İK-ya seçiləndə də bu barədə Rövşən müəllimə məlumat vermişdim. Qarşılıqlı şəkildə bir-birimizi anlayırdıq.
– Meydana girən oyunçuların performansından razı qaldınız?
– Sanki onlar girəndən sonra qol epizodlarımız az olmadı. İstər-istəməz sonradan meydana daxil olmaq asan deyil. Xüsusən də soyuq havada. Musa, Cica, Kaşuk hər biri istəkli idi.
– Addainin performansından razısınız?
Xeyr.
– Demişdiniz ki, süni örtüklü meydançada oynamaq çətindir. Amma 4:1 qalib gəldiniz. Artıq öyrəşmisiniz?
– Süni örtüklü meydançaya öyrəşmədik, öyrəşmək də istəmirik. Bəlkə də ən çox zədəlisi olan klublardan biri “Səbail”dir.
– Növbəti mövsüm Premyer Liqa komandalarına veriləcək illik məbləğ azalıb 2,5 milyon olacaq. Bu komandalara necə təsir edəcək?
– Bəzi klublara təsir edəcək. Hansı ki, obların 500 minə çox ehtiyacı var. Gərək, sponsor tapsınlar.