featured-image-57724

“Zirə” Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Neftçi”yə 1:2 hesabı ilə məğlub olub.

Msport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

– Maraqlı oyun alındı. Belə oyunlar çox olsa, komandalarımız və futbolçularımız inkişaf edəcək. Hər iki komanda sürətli, dinamik oynamağa çalışırdı. “Neftçi Arena” möhtəşəm stadiondur, ot örtüyü də yaxşıdır. Oyunboyu nəzarət bizdə idi. İlk dəqiqələrdən dominantlığa çalışdıq. 60-70-ci dəqiqələr arası üstünlüyü əldən verdik. Rəqib topa daha çox nəzarət etməyə başladı. Biz də həmlələr hazırlayırdıq. Çatmadıq. O dəqiqələrdə qol buraxdıq. İkinci hissədə qapımıza bir zərbə endirildi. Bu il qapımızda yaradılan 3 epizoddan ikisi qol olur. Belə olanda qalib gəlmək çox çətinləşir. Ümumən götürsək, komandamın oyunundan razı qaldım. “Neftçi”ni təbrik edirəm. Meydanda keyfiyyətli futbol var idi.

– Oyundan sonra azarkeşlər Qismət Alıyevə nələrsə deyirdilər. Yəqin ki, qələbəsizlikdən narazı idilər. Sizcə, azarkeşlər haqlıdırlar?

– Azarkeşlərimizlə uzun illərdir ki, çiyin-çiyinə yol qət edirik. Mənim dövrümdəki uğurları birlikdə qazanmışıq. Bilmirəm aralarında nə söhbət olub. Azarkeşdir, həmişə iradını bildirə bilər. Yaxşı, çətin günlərimizdə yanımızda olurlar. Bunu normal qarşılayıram.

– Yaydakı “Zirə” ilə indiki “Zirə” arasında fərq nədir? 

– Bu sual hər məğlubiyyətdən sonra verilir. Üst-üstə məğlubiyyətlərimiz var. Uduzduğumuz oyunların əksəriyyətində qalib gələ bilərdik. Çox təhlil edirik. Bugünkü oyuna irad bildirə bilmərəm. “Neftçi” kimi komanda ilə səfərdə baxımlı futbol oynadıq. Sadəcə olaraq, yayla müqayisədə hər şey uğursuz alınır. Bizim qol epizodlarımız zamanı uğursuzluqlar olur. Bugünkü ilə keçənilki “Zirə”ni müqayisə etsək, bugünkü “Zirə” daha yaxşıdır, inkişaf etmiş komandadır. Müəyyən detallar var oyunumuzda, onları dəyişdirmək istəyirik. Daha hücumameyilli oyun oynamağa çalışırıq. Keçid etmək asan deyil. İnanıram ki, oyunumuzu oturtsaq, hücumda da daha dəqiq olsaq, xallar toplayacağıq. Sonda da məqsədimizə çata biləcəyik.

– Qurban Qurbanov bildirib ki, mənə milliyə baş məşqçi gətirilib-gətirilməyəcyimlə bağlı sual verməyin. Millinin İsveçə məğlubiyyəti, D Liqasına düşməsi sizi nə qədər təəssüfləndirir? Deyilənə görə, yığmaya yerli mütəxəssis gətirmək istəyirlər…

– Nəticələrə görə hamımız məyusuq. Fərqi yoxdur baş məşqçi kimdir. Bu haqda ətraflı danışmaq istəmirəm. Millimizə uğurlar arzulayıram. İnanıram ki, gələcəkdə daha yaxşı nəticələr olacaq. Görülən işlərə inanıram, güvənirəm. Futbolumuzu daha yaxşı səviyyəyə çıxaracağıq. Yeri deyil indi. Bu mövzular çox geniş, ətraflı danışılacaq mövzulardır.

– Limit məsələsi “Zirə”nin istədiklərini həyata keçirməyə nə qədər mane olur?

– Son periodda yerli futbolçularla bağlı sıxıntılarımız oldu. Qismət Alıyev 2-3 günlük məşqlə meydana çıxmışdı. Məqsəd İsayev, Rüstəm Əhmədzadəni də itirmişik. Konfrans Liqasında DAK-la matçda 5 yerli ilə oynayırdıq. Çempionatda heyəti elə formalaşdırasan, əvəzetmələri elə edəsən ki, istədiyin keyfiyyəti ala biləsən. Bir çox matçlarda vacib dəqiqələrdə 6 yerli futbolçu ilə oynamışıq. İstədiyin anda hamısını meydana buraxa bilmirsən ki, sonradan əvəzetmələrdə sıxıntı yaşamayasan.

Bənzər xəbərlər