“Bu situasiyadan güclülər qalib çıxır” – Vaqif Cavadov
Misli Premyer Liqasının XXVII turunun “Turan Tovuz” – “Sumqayıt” matçından (1:2) sonra qonaq komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.
– Gərgin oyun keçdi. Bu gün biz daha çox istədik və 3 xalı qazandıq. Rəqib çox yaxşı komandadır. Qurban Berdiyev yaxşı kollektiv formalaşdırıb. Yolumuza davam edirik.
– Alan Diasın qayıdışı çox kömək etdi?
– Əlbəttə. Nəzərə alsaq ki, Miloş Miloviç vərəqələrə görə bu oyunu buraxırdı. Nəinki Alan, bütün kollektivə təşəkkür edirəm. 11 oyun qol vurmadıq, amma rəhbərlik, heyət bir olduq. Bütün tənqidlərə bir yerdə sinə gərdik.
– Həmin tənqidlər son 2 qələbədə nə qədər rol oynadı?
– Bu, hər bir gənc məşqçinin karyerasında olur. Bunu keçməliydik. Eyforiyaya qapılmamalıyıq. Bu situasiyadan güclülər qalib çıxır və bu güc də məndə var idi. Çətin zolaqdan keçdik. Hətta “Qarabağ”a məğlub olsaq belə, son 3 oyunda komandam yaxşı mübarizə apardı.
– Təcrübəli qapıçılar ola-ola Xəyal Fərzullayevə şans verməyinizin səbəbi nədir?
– Mən “Sumqayıt”a gəldikdən sonra akademiyanın oyunçularına üstünlük verirəm. Mehdi Cənnətov bizim əsas qolkipedir. Amma ona istirahət lazım idi. Onu düşündük. Bu səbəbdən də Xəyala şans verdik və o da özünü doğruldur.
– Bəs Rəşad Əzizlini niyə oynatmırsınız?
– Xəyala inamım daha çoxdur. Çünki ayaqla daha yaxşı oynayır.
– Komandada işlər yoluna düşdü?
– Hər zaman yolunda idi. Məğlub olsaq da. Hər şey qaydasında olmasaydı, bu gün burada oturmazdım.
– “Turan Tovuz” 15 künc zərbəsi yerinə yetirdi, cəmi biri təhlükəli alındı. Buna xüsusi hazırlaşmışdınız?
– Bəlkə də təsadüfdür. Əlbəttə, bunları məşq edirik. Amma oyunlarda bu alına da bilər, alınmaya da. Bu gün qol epizodlarımız az oldu, amma qalib gəldik.