featured-image-60800

“Rəqibi təbrik edirəm. Çox vacib qalibiyyət əldə edərək növbəti mərhələyə çıxdılar. Onlara uğurlar arzulayıram”.

Msport.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Olimpiakos”la oyundan sonra deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının sonuncu turunda 0:3 hesablı məğlubiyyəti şərh edib: “Bu gün yaxşı atmosfer vardı. Çox dinamik oyun getdi. Futbolçularımın yaxşı mübarizə aparması mənim üçün çox vacib idi. Onların ifasında bunu gördüm. Əfsuslar olsun ki, futbol səhvlər üzərində qurulub. Texniki səhvlərdən sonra qapımızda üç qol gördük. Hər bir halda Avropa Liqası bizim üçün bitmişdi. Düşünürəm ki, növbəti mövsümə hazırlaşmaq üçün builki oyunlar bizim üçün böyük təcrübə oldu. Ümumiyyətlə, Avropada futbol tamamilə dəyişir. Məncə, biz gələn il üçün böyük fayda əldə etdik. Hər bir halda futbolçularımın yanındayam. Ötən illərdə belə mərhələlərdən keçmişik, həm uğurlarımız, həm də uğursuzluqlarımız olub”.

– Bu gün “Qarabağ” Avropa Liqasında sonuncu yeri tutdu və ən çox qol buraxan komanda oldu. Halbuki ötən il təxminən bu vaxtlar “Qarabağ” 1/4 finala çıxmağa yaxın idi. Bu mənada oyun planında komandaya nə mane oldu ki, avrokuboklarda son illərin ən zəif nəticəsini göstərdi?

– Futbol elə bir oyundur ki, hər il uğurlu olmaq mümkün deyil. Bəli, çox qol buraxdıq. Müdafiədə zəif çıxış etdiyimizi qəbul etməliyik. Digər tərəfdən çox yaxşı komandalara qarşı oynadıq. Ümumiyyətlə, Avropa təcrübəsinə baxsaq, görərik ki, nadir hallarda az top fərqi ilə hesablar olur. Əlbəttə, ötən il daha yaxşı nəticə qazanmışdıq. Bəzən düşündüyünü meydanda edə bilmirsən, rəqib səndən daha üstün olur. Çatışmazlıqlarımızı görürük, aradan qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Digər tərəfdən komandanı ilboyu eyni səviyyədə saxlamaq heç də asan deyil. Çünki futbol kollektiv oyundur. Oyun üslubunu qoruyub saxlamaq üçün futbolçuların da səviyyəsinin yüksək səviyyədə qalması çox vacibdir. Ola bilər ki, bu baxımdan da müəyyən problemlərimiz oldu. Qarşıda vaxtımız olacaq ki, oyunlarımızı daha yaxşı analiz edib səhvlərimizi tapaq.

– Komandanızın yaxşı mübarizə apardığını qeyd etdiniz. Ancaq son iki avrokubok oyununda, xüsusilə də, Juninyonun gedişindən sonra komandanın hücum xəttində problemlər görünməyə başladı. Juninyonun satışından əldə olunan vəsaitlə “Qarabağ”a 1-2 milyon dəyərində hücumçu almağı düşünürsünüzmü?

– Məncə, bu sualın ətrafında danışmalı olsam, bir xeyli vaxt lazım olacaq. Juninyo haqqında onu deyə bilərəm ki, yaxşı oyunçu idi. Həmişə demişəm ki, sağlam futbolçuların sayı nə qədər çox olsa, mənim işim bir o qədər asanlaşır. Altı oyunun beşində biz məğlub olmuşduq. Həmin vaxt Juninyo da bizimlə idi. Matçlar olub ki, kimlərsə oynamasa belə, yaxşı nəticələr əldə etmişik. Ümumi oyunların gedişatına baxsaq, heç də zəif təsir bağışlamamışıq. Biz bu gün Juninyonun satışından əldə olunan beş milyondan danışırıqsa, bu pulla bizim işlərimiz düzəlməyəcək. Çünki hər il oynadığımız komandaların ümumi büdcələrini müqayisə etsək, biz son pillələrdə qərarlaşırıq.

Ola bilər, kənardan görünür ki, hücum xəttində dişsizlikdir və yaxud digər mövqelərdə problemlər var. Bunadək 5 milyona oyunçu satmırdıq, ancaq keyfiyyətli komanda formalaşdırmışdıq. Bu gün də komanda keyfiyyətli oynayır, sadəcə uğursuz il oldu. Komandanı formalaşdırmaq haqqında biz aylardır ki, düşünürük. Əfsuslar olsun ki, bu istiqamətdə müəyyən çətinliklərimiz var. Ancaq nələrisə dəyişmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda vaxtımız olacaq. İnanıram ki, problemin 50 faizini həll edə biləcəyik.

Bənzər xəbərlər