featured-image-62166

Azərbaycan Kubokunun 1/4 final mərhələsində “Sumqayıt” və “Sabah” arasında keçirilmiş oyundan (0:4) sonra meydan sahibi komandanın baş məşqçisi Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıb.

Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.

– Fərqli iki hissə oldu. Məğlub olduq. Çox yaxşı rəqibə qarşı oynayırdıq. Bəlkə də uduzmalı deyildik. Hesab öz sözünü deyir. Nəsə demək çətindir.

– 2-si kubok, 8-i çempionat olmaqla qələbə bir yana, qol vura bilmirsiniz. Nə düşünürsünüz?
– Hücumlarımız var, reallaşdıra bilmirik. Ya məşqçi getməlidir, ya futbolçular. Bir gənc məşqçi kimi dəstək lazımdır. Komanda 0:4 hesabıyla uduzub. İndi nəsə demək olmur. Nəyisə dəyişmək lazımdır, amma indi gücümüz çatmır. Problem məndədirsə… Bundan da çətin vəziyyətimiz olub. Komandanı götürəndə 9-cu pillədə idik. İrəli baxırıq. İnanıram ki, dəstəyiniz olacaq. Məsuliyyəti dərk edib, komandanı çətin durumdan çıxarmaq istəyirik.

– Konkret olaraq, problemin nədə olduğunu düşünürsünüz?
– Oyunçular da yetərsizdir. Qol imkanlarımız var, istifadə edə bilmirik. Bu da oyunçuların keyfiyyəti, həmin an düşündükləri ilə bağlıdır. “Sabah” 4 imkanın hər birini qola çevirdi. Bu, onların ustalığından xəbər verir. İndiki halda nə deyə bilərəm? Komanda son sıralardadır və heç nə alınmırsa, baş məşqçi getməlidir, gedərəm. Amma bu vəziyyətdən komandanı çıxarmaq istəyirəm. Hər şeyi başa düşürəm. Futbolçuların arxasındayam. Uduzanda məşqçi uduzur, qələbə olanda komanda qazanır. Bugünkü gündə problemin sırf məndə olduğuna inanmıram. Problem tək özümdə olsa, gedərəm. Deyirlər ki, Vaqif çox danışır, işini görsün. Mən futbolçu olanda da nə varsa, demişəm. Məsləhətə qulaq asıb, az danışacam.

– Neçə oyun qol vurmamalısınız ki, azarkeşlərdən üzr istəyəsiniz?
– Bu sual məncə, adekvat deyil. O vaxt üzr istəyərəm ki, komanda aşağı liqaya düşə, bərbad futbol sərgiləyək. İndiki halda üzrlük nəsə yoxdur.

– “Sumqayıt”dan həmişə yaxşı hücumçular çıxıb, ancaq indi qol vura bilmirsiniz…
– Bilirəm, bu, problemdir. Təkbətək epizod vurulmursa, deməli problem var. Problem yoxdur desəm, düz çıxmaz. Futbolçudur, gətirmişik. Heç kim deyə bilməz ki, o, bir günə, altı aya, üç aya bəhrəsini versin. Əfsuslar olsun, vaxtımız yoxdur. Futboldur, olan olub. Diqqətimizi Premyer Liqaya kökləməliyik. Qarşıda iki vacib oyunumuz var. Bunlar mühümdür.

– Yeni transferlərin komandaya cəlb olunmasında sizin nə qədər rolunuz olub?
– Qışda 3 transfer etmişik. Bundan artığını istəsək də edə bilməzdik. Bəzi klublar 5-6 transfer edib. Komandanın rəhbərliyi, idman direktoru, seleksiyaçısı var. Transferlərin necə olacağını zaman göstərəcək. 2-3 ay oynamayanları gətirə bilirik. Belə ərəfədə yüksək məbləğli transfer etmək olmur. Yenilərin uyğunlaşması üçün vaxt lazımdır. Mən robot deyiləm, futbolçular da. Toplanış keçməyən oyunçunu 90 dəqiqə oynatmaq risklidir. Buna görə bəzi futbolçulara az-az şans veririk, amma alınmır.

– Qolsuzluq komandaya psixoloji təsir edir. Üstəlik, kubok da əldən getdi. Fanatlar da “Divizion bizi gözləyir” deyir. Gedişat bunu göstərir?
– Nostradamus deyiləm. Gedişat müəyyən siqnallar verir, amma hələ mübarizədəyik. Komandanın növbəti iki oyunu həlledici olacaq. Bir qələbə hər şeyi həll edə bilər.

– Yanvardan sonra komandada eniş başladı. Hansısa spesifik problem görmüsünüzmü, deyəsiz ki, bundan sonra başladı? Məsələn, müqavilə imzalamağınız…
– Kaş imzalamazdım (gülür). Problem qol imkanlarından istifadə edə bilməməyimizdir. Biz “Sabah” və ya digər komandalardan deyilik ki, oyun ərzində 4-5 epizod yaradaq. Ələ düşən 2-3 imkanı maksimum dəyərləndirməliyik.

Bənzər xəbərlər