Cavid Hüseynov: “Qışdan sonra tam fərqli komanda görəcəyik”
“Səbail” Azərbaycan Premyer Liqasının XVIII turunda doğma meydanda “Zirə”yə 0:1 hesabı ilə uduzub.
Msport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Cavid Hüseynov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyunun gərgin olacağını əvvəlcədən bilirdik. Sonuncu yerdə olduğumuz üçün üzərimizdə təzyiq olsa belə, həftəboyu yaxşı hazırlaşmışdıq. “Zirə”ni də ciddi analiz etmişdik. Uduzduqdan sonra nəsə demək çətindir. Rəqibə bir şans verdik, onu da dəyərləndirdilər. Ani diqqətsizlikdən qapımızda qol gördük.
Yeni gələndə ümidli danışmışdınız. Deyəsən, qarşıya qoyulan məqsədə çata bilmirsiniz. Səbəb nədir?
– Bir çox səbəbi var. Neçə turdur səbəblər haqda danışırıq. Mənə elə gəlir ki, bu haqda danışmağın özü də yersiz olar. Qış toplanışında çatışmayan cəhətlər və müəyyən işlər üzərində əlimizdən gələni edəcəyik ki, sonuncu pillədən qurtulaq.
Bu nəticələr klub rəhbərliyi ilə müzakirə olunur? Nəticələrə hansı münasibət bildirilir?
– İndiki halda komandanın durumu bəllidir. Futbolçu sayı da yetərli deyil. Bu haqda dəfələrlə danışmışıq. Bunu rəhbərlik də başa düşür. Ümid edirik ki, qışdan sonra tam fərqli komanda görəcəyik.
– Gəldiyinizə görə peşman deyilsiniz?
– Xeyr.