"Çempionlar Liqası bizi çox yordu" - Qurban Qurbanov
Azərbaycan Premyer Liqasının 21-ci turundan təxirə salınan “Neftçi” – “Qarabağ” oyunu keçirilib. Görüş”Neftçi”nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Msport.az xəbər verir ki, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
“Neftçi”ni təbrik edirəm. Bu gün çox istəkli idilər. Vuruşdular, yaxşı müdafiə olundular. Öz futbolçularımdan razı qaldım. Yaxşı xarakter göstərdilər. Məğlub durumda olsaq da, daim rəqibin üzərinə getdilər. Futbolçulara dedim ki, bu oyunda rəqib daha hazırlıqlı və daha aktiv olacaq. Deyəcək söz yoxdur. Yaxşı futbol ab-havası var idi. Bizə istirahət lazımdır. 4 gündən sonra oyun olacaq. ÇL-dən uzaq olsaq da, hələ də sıx qrafikdəyik.Bu il futbolçularımız üçün çox yaxşı təcrübə oldu. Biz məşqçilər üçün də. Futbolçuların ümumi fiziki potensialını daha yaxından tanıdıq. Futbolçular çox yoruldular, ağır mövsüm keçirdilər. Məğlubiyyətə baxmayaraq, futbolçularıma təşəkkür edirəm”.
– Düşünmürsüz ki, 1:5 hesabı rəqibə əlavə motivasiya verdi?
– 100 faiz. Onların yaxşı hazırlıq proqramları olmuşdu. Gözləyirdim ki, bu gün “Neftçi”nin futbolçuları daha hazırlıqlı olacaqlar. Haqları idi.
– İlk oyundakı böyükhesablı qələbə sizin futbolçularda rahatlıq yaratmamışdı?
– Rahatlıq istər-istəməz olur. Maksimum çalışdıq ki, futbolçular bu haqda düşünməsinlər. Futbolçular da təcrübəlidirlər, “Neftçi”nin gücünü bilirlər. Nə qədər özlərini konsentrasiya etsələr də, rahatçılıq var idi. İnsandırlar.
– Montielin zədələnməsinin oyuna təsiri oldu?
– Düzdür, gözlənilməz dəyişiklik oldu. Oyundan öncə fərqli planlarımız var idi dəyişikliklərlə bağlı. Pedro Bikalyo 9 matçda dayanmadan oynamışdı. Onu meydana buraxmağa ehtiyatlanmışdıq. Montiel əvvəlki oyunda oynamamışdı. Dəyişikliklərdə düşünəlməmiş addımlar oldu.
– “Sabah” ilk dəfə çempion oldu. Bu haqda nə deyə bilərsiz?
– Təbrik edirəm. Onları təbrik etməliyik. Bu, futbolun aksiomasıdır. Son bir ay, ayyarımda çempionatın bütün oyunları…”Sabah”la üç, “Neftçi” ilə 2 dəfə oynadıq az müddətdə. Sanki fərqli Azərbaycan çempionatı oldu. Azarkeş və oyun tempi baxımından. Futbolçularımız xarakter göstərdilər. İlboyu həm psixoloji, həm fiziki yorğunluğa baxmayaraq…Ümumi nəticələr ürəkaçan olmaya bilər. Amma oyunlarda dözümlü xarakter göstərdilər. Nəticələrin bəzən belə dəyişməsi azarkeşləri çoxaldır. Kütlə çoxalsa, intriqa böyüyür, məsuliyyət daha da artır.
– İkincilik də təhlükə altına düşüb. Bu sizi narahat edir?
– Əlbəttə ki, narahat edəcək. Yaxşı, hazırlıqlı “Turan Tovuz”a qarşı oynayacağıq. Özünəməxsus oyun üslubu var. Rəqibə çətinliklər yaradır. Buna hazır olmalıyıq. Son oyunlarda mübarizə aparacağıq. Futbolçularım bu il əlavə xarakter göstərdilər. Sıx qrafikə baxmayaraq, çalışacağıq ki, bunu bacaraq. Öz futbolçularıma arxayınam ki, maksimum güclərini qoyacaqlar.
– “Qarabağ”ın çempion olmamasında əsas məsələ, Çempionlar Liqasında daha uzun yol qət etməsi, legioner limitinin ləğvi, yoxsa “Sabah”ın gücüdür?
– Bir neçə səbəb var. Baxsaq ola bilər ki, bu çempionata tam hazırlaşmadıq. Əvvəlcədən çempionatın gedişini gücünü bilmədik. Çempionlar Liqası bizi çox yordu. Digər detallar var, oyunçulara təkliflər filan oldu. Bu da hardasa ölkə çempionatına olan motivasiyaya təsir etdi. Bizim qarşımızda yaxşı “Sabah” var idi. Hansı ki, çox formalaşmış komanda idi. Bütün fikrini çempionata yönəltmişdi. Heç bir oyunda boşluq vermədilər. Bəlkə də tam bu çempionata sırf hazır deyildik. Gücümüzü bölüşdürə bilmədik. Həmişə çempion olası deyilik ki. İstənilən ölkədə bu halları görmüşük. Güclü olduğun halda belə, bəzən çempion olmursan. Bəzi nüanslar var. Bunu biz normal analiz edib, düzgün qəbul etməliyik. Hansı çatışmazlığın olduğunu da bilirəm. Çox komandalar istəkli idi, o cümlədən “Sabah”, “Neftçi”, “Zirə”. Onlar titul üçün böyük işlər görürlər. Sonda da belə nəticələr oldu. Bundan düzgün nəticə çıxararaq, qarşıdakı illərə hazırlaşacağıq. Ümumi gedişatdan, futbolçularımın performansından razıyam.
– Yayda “Qarabağ”da dəyişikliklər olacaq. Yeni transferlərlə bağlı danışıqlar aparırsız? Razılığa gəlmisiz kiminləsə?
– Danışıqlar var, gedir, çoxdur. Bəlkə də işimizin 60-70 faizini transfer tərəfə yönəltmişik. Ona görə yox ki, futbolçulardan razı deyiləm, kimlərisə göndərəcəyik. Sadəcə daha geniş heyətə ehtiyac var. Transferlər etməyə çalışacağıq. Bəlkə də 5-6 , bilmirəm nə qədər alınacaq. İstədiyimiz kimi alınsa, işləmək asan olardı. Bəzən son anda hansısa transfer alınmayıb. Dəyişikliklər olacaq. Amma bu, heyəti genişləndirmək və bu cür gərgin qrafikə hazır olmaq üçündür.
– Göndərməyi istədiyiniz, amma son 2-3 oyuna görə fikrinizi dəyişdiyiniz oyunçular var? Marko Yankoviç son oyunlarda daha yaxşı performans göstərir…
– Xeyr, heç bir futbolçunu göndərmək haqda düşünməmişəm. Çünki gətirilən oyunçu yoxdur hazırda. Sonda olacaq. Yankoviç çox yorulmuşdu. Hətta millidə oynayanlar çox yorulurlar. Milliyə getməyənlər heç olmasa dincəlir. Yankoviçə istirahət verdik, formasını bərpa etsin. Ola bilər ki, bir neçə futbolçu haqda təxmini göndərmək istədiyimi bildirə bilərəm. Amma o da transferlərdən asılıdır. Futbolçuların müqavilələri var. Qarşılıqlı razılıqla olmalıdır. Yəqin ki, gedənlər də olacaq. Gələnlər də olmalıdır.
– Elvin Cəfərquliyevin geri qaytarılmaq ehtimalı var?
– Hələ necə var elədir. Gələn il üçün hazırlıq planını tam tutmamışam. Hələ bir neçə oyun var.
– Sizinlə görüşmək istədiyi deyilir..
– Yox, olmayıb.
– Əvəzedicilər heyətə göndərilsə də, orada oynamırlar…Maksim Medvedevlə danışmısız?
– Yox, belə tapşırıq verməmişəm. İstəsələr, oynaya bilərlər.







