“Daha güclü liqa görəcəyik” – Azər Bağırov
“Maraqlı oyun oldu. Yeni futbolçuları meydanda görmək şansımız da var idi. Məncə, pis təsir bağışlamadılar. Elə komandayıq ki, qollar vurmalıyıq, epizodlarımız var. Sadəcə, onları reallaşdırmaqda problemlərimiz yaranır. Hər hissədə 3-4 epizodumuz oldu ki, şans bizim tərəfdə deyildi. Xeyirlisi. Hər şey irəlidədir”.
Msport.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunda “Neftçi”yə 0:2 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin ilk oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.
– “Kəpəz” Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Yeni mövsümdən isə komanda sayı 12-ə çatdırılacaq. Bu haqda fikirləriniz maraqlıdır…
– AFFA-nın qərarları ilk anda hardasa ictimaiyyətdə bir az qıcıq və anlaşıazlıq yaradırdı. Amma məncə, daha yaxşı olacaq. Komanda sayı artacaq. Oynaya biləcək futbolçular meydanda olacaq. Komandaların hamısı 11 legionerlə oynamayacaq. Yerliləri də görəcəyik. Onların meydanda olması üçün AFFA tərəfindən ödəniş də verilməlidir. Yaxşı olacaq ki, pis olmayacaq. Komanda sayı artsa, daha yaxşı liqa görəcəyik.
– Söz-söhbətlərə görə, Premyer Liqanın sonuncu komandası I Liqanın üçüncüsü ilə pley-off oynasın. Bu, komandanıza nə dərəcədə problem yarada bilər?
– Söz-söbhətdir, qərar deyil. Qərar verildikdən sonra müzakirə mövzusu ola bilər. Hələ ki ehtimaldır Qərar odur ki, yeni mövsümdən 12 komanda olacaq. Sevindirici haldır.
– Legioner limitinin qəfildən ləğv edilməsi planlarınıza təsir edəcək?
– Biz icra edənik, məşqçi işi ondan ibarətdir ki, nəyi verəcəklər, işləyəcəyik. Sabah “Kəpəz”in əsas heyətində niyə də yerli futbolçu olmasın? Premyer Liqada qalsaq, yerlilərdən də istifadə edəcəyik. Azərbaycanda yetərincə istedadlı oyunçu var.