“Das ist fantastisch” – Qarabağ
Bu yazı Poznandakı ilk oyundan sonra da kompüterin yaddaşına köçə bilərdi. Ancaq illərdən gələn bir ehtiyatlılıq səbrli davranmağıma gətirib çıxardı. Dedim qoy bir cavab matçı da olsun, ondan sonra artıq nələrisə müzakirə etmək, fikir bildirmək vaxtı gəlib çatar.
“Qarabağ” Polşadakı görüşdən sonra xeyli tənqid olundu – yenə əsas məsələ transferlər, Andradenin niyə əldən buraxılması, Almeydanın “çəkməməsi” idi. Əslində “Qarabağ” qolu buraxdığı 41-ci dəqiqəyə qədər heç də pis təsir bağışlamırdı. Oyuna nəzarət edirdi, təhlükəli vəziyyətlər yaradırdı, bir sözlə görüş Azərbaycan çempionunun diqtəsi ilə keçirdi. Əlbəttə ki, meydanda hər hansı çatışmazlıqlar ola bilərdi. Andradesiz ilk rəsmi oyun, təlim-məşq toplanışından sonra birinci görüş – bunlar nəticəsiz ötüşməyə bilməzdi. Amma hər şeyi Patrikə bağlamaq, iki dəqiqədən bir “Andradenin yeri görünürüdü” demək məncə, absurddur. Ümumiyyətlə, könlü klubda olmayanı, qalmaq istəməyəni heç vaxt zorla saxlamaq olmaz. Bu gün Andradenin müqaviləsi yenilənsəydi və əməkhaqqısı xeyli artsaydı, sabah bunu Kadi, Ozobiç, lap elə Şahruddin də tələb edə bilərdi. Bu isə komanda daxilində balansın pozulmasına, ailə mühitində gərginliyin yaranmasına gətirib çıxarardı.
Poznandakı oyundan bir həftə sonra. Dolu tribunalar önündə “Qarabağ” “Lex”lə cavab oyununa çıxır və artıq 19-cu saniyədə qapısından top buraxır. Həmin vaxt kimə desəydin ki, Ağdam klubu bu “Lex”ə 5 qol vuracaq, ən yaxşı halda adamı psixologiya mərkəzlərinə getməyə məsləhət görərdilər. Amma “Qarabağ” bunu bacardı.
Səhv etmirəmsə, ötən mövsüm Yurgen Klopp belə bir açıqlama vermişdi ki, “biz oyunun gedişində 0:1 geri düşəndə panika yaranmır, narahat olmuruq. Bilirik ki, geridönüş edə bilərik. Bu klubun böyüklüyüdür, təcrübəsidir”. Dünən biz bunu “Qarabağ”da gördük. 0:1-dən sonra nə baş məşqçi Qurban Qurbanov, nə də futbolçular təşvişə düşmədilər. Hətta qolun buraxılmasında səhvə yol verən müdafiəçilər də.
Polşada az qala uşaqları “Qarabağ” adı ilə qorxudurlar. Dünəndən sosial şəbəkələrdə polşalı azarkeşlər Ağdam klubunun “Visla”, “Piast”, “Legiya” və “Lex”i keçməsinə dair onlarla mem hazırlayıblar. İndi hətta ən nikbin polşalı azarkeş belə bu ölkənin təmsilçisinin “Qarabağ”la düşməsini arzulamır.
Kimsə “Lex” üzərində parlaq qələbəni kiçildib “Poşa çempionunu uddular da” deyə bilər. Amma bu dəqiqə biz Polşanın nəyindən üstünük ki? Çempionat deyirsən, bizim Premyer Liqadan qat-qat üstün Ekstraklasaları var. Azarkeş deyirsən, “Lex”in hər matçına orta hesabla 22560 tamaşaçı gəlir. Azərbaycan çempionatında 22 min azarkeşi yığmaq üçün təxminən 23-25 oyun olmalıdır.
İqtisadiyyat deyirsən, o da Polşada. Reklam bazarı bizdən qat-qat yaxşı, futbola pul qoyan şirkətlər xeyli çox, televiziyaların da əməlli-başlı gəliri var. Poznan klubunda dəyəri 3 milyon avro olan Mikael İshak, Joao Amaral kimi futbolçular forma geyinir. Polşanın “Köhnə qitə”də yerləşməsi, Avropa İttifaqının üzvü olması da onlar üçün əlavə üstünlükdür. İstədikləri futbolçunu rahat gətirə bilirlər. Yeri gəlmişkən, Polşa hazırda FİFA reytinqində 26, Azərbaycan isə 129-cu yeri tutur. Belə bir ölkənin komandası isə Polşa çempionuna 5 qol vurur. Bu, fantastika deyilsə, bəs nədir?
ELNUR MƏMMƏDLİ