featured-image-61387

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XXII turunda “Sabah”la “Turan Tovuz” arasında keçirilən oyunla bağlı fikirlərini bildirib.

Msport.az xəbər verir ki, belçikalı mütəxəssis matçın mübahisəli epizodları ilə bağlı AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

O, konkret olaraq iki epizodu dəyərləndirib. De Bleker 58-ci dəqiqədə “Sabah”ın vurduğu qoldan əvvəlki epizodda hakim səhvini etiraf edib. Ancaq o, həmin qolun epizodun davamında vurulmadığını da qeyd edib: “Meydanın “Sabah” komandasına aid hissəsində, künc bayrağının yanında top uğrunda mübarizə zamanı qayda pozuntusu baş verir, lakin hakim bunu qeydə almır və “Sabah”a (top meydanı yan xətdən tərk etdiyindən) yan xətdən oyunu bərpa etməyə işarə edir. Oyun yenidən bərpa olunur (yeni hücumun başlama fazası) və “Sabah” hücumun sonunda qol vurur. Bu situasiyada VAR baş vermiş və hakim tərəfindən qeyd edilməyən qayda pozuntusuna müdaxilə edə bilməz. Yan xətdən bərpa “Sabah”ın yeni hücumunun başlanğıc mərhələsidir”.

De Bleker 90+5-ci dəqiqə “Sabah”ın vurduğu qolun hesaba alınmamasının düzgün addım olduğunu deyib: “VAR müdaxilə edir. Qayda pozuntusu baş verir (“Sabah”ın oyunçusu rəqibini itələyir). Qol vurulduqdan sonra VAR hücumun başlama fazasını yenidən yoxlayır və qoldan öncə baş verən qayda pozuntusuna müdaxilə edir. Hakim epizoda baxdıqdan sonra “Sabah”ın vurduğu qolu ləğv edir”.

AFFA Hakimlər Komitəsinin sədri hər iki epiodda VAR-ın düzgün olaraq VAR protokoluna əməl etdiyini sözlərinə əlavə edib.

Qeyd edək ki, “Sabah” öz meydanında “Turan Tovuz” üzərində 2:1 hesablı qələbə qazanıb.

Bənzər xəbərlər