Elçin Məsiyev: “Qısa müddətdə bu təyinatı gözləmirdim”
“Çox sevincliyik, olduqca vacib təyinatdır. Bu, A millilərin Avropa çempionatından sonra UEFA-nın milli səviyyəsində ən böyük ikinci turniridir”.
Msport.az xəbər verir ki, bunu FIFA referisi Elçin Məsiyev AFFA-nın rəsmi saytına açıqlamasında deyib.
O, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında bu il Slovakiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə təyinatını dəyərləndirib: “Bildiyiniz kimi, ötən ilin dekabrında I kateqoriyaya yüksəldim. Bu səbəbdən qısa müddətdə belə mötəbər yarışa təyinat alacağımı gözləmirdim. Bu, bizə güvəndiklərini göstərir. Bu amil ikiqat sevindiricidir. Avropa çempionatında ən yüksək səviyyədə iştirak etməyə çalışacağıq. Hədəfimiz uğurlu idarəçilik etmək və final matçına təyinat almaqdır”.
Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 11-28 iyun aralığında 16 komandanın iştirakı ilə təşkil olunacaq.