“Elit-raunda vəsiqə qazanmaq istəyirik”
“Noyabrın 6-da Bakıda təlim-məşq toplanışına başlamışıq. Dünəndən isə Moldovada hazırlıq keçirik”.
Msport.az xəbər verir ki, bunu 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Elxan Abdullayev deyib.
Mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında Avropa çempionatının seçmə mərhələsindəki şanslarını dəyərləndirib: “Məşqlər plan üzrə baş tutur. İrlandiya yığması qrupumuzun favoriti hesab edilir. Buna baxmayaraq, qrupda ilk iki yerdən birini tutaraq, elit-raunda vəsiqə qazanmaq istəyirik. Düzdür, rəqiblərimiz güclü komandalardır. Ancaq bura elə-belə gəlməmişik. Məqsədimiz evə uğurlu nəticə ilə – elit-raunda yüksələrək qayıtmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsinin 7-ci qrupunda yer alan U-19 noyabrın 13-də İslandiya, 16-da İrlandiya və 19-da Moldova yığması ilə qarşılaşacaq. Qrupun bütün oyunları Moldovanın paytaxtı Kişinyovda təşkil olunacaq.