featured-image-60913

“İki fərqli hissə izlədik. Birinci hissədə komanda olaraq oyunumuz alınmırdı. Dəyişikliklərdən sonra nəzarəti ələ keçirməyi bacardıq. Bilirdik ki, ağır səfərdəyik. Bir xala da sevinmək lazımdır. Elə oyun gedirdi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik. Yenə də yolumuza davam edirik. Qarşıdakı görüşlərə hazırlaşacağıq”.

Msport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının XXI turunun “Sumqayıt”la görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

– Ola bilər ki, rəqib başqa cür oynadığı üçün gözlədikləriniz alınmırdı?

– Vaqif Cavadovun gəlişindən sonra da “Sumqayıt” daha dinamik, aqressiv oynayır. Təhlükəli komanda olduğunu bilirdik. Rəqibin üstün cəhətlərini də komandamıza göstərmişdik. Onlar özgüvənli komandadır, yaxşı iş görürlər.

– Samir Abasov bildirmişdi ki, “Qarabağ”dan başqa heç bir klub dominant futbol oynaya bilmir. Bu haqda fikriniz necədir?

– Dominant futbola doğru illərlə getmək lazımdır. Birdən-birə alınan bir şey deyil. Çalışmaq lazımdır. Kim desə ki, “Araz-Naxçıvan” sırf müdafiədə oturub, öz bəxtini əks-hücumlarda axtarır, elə də deyil. Komandadan daha çox hücumda olmaq tələb olunur. Büdcə də lazımdır ki, istədiyin material da əlinin altında olsun və hücumda daha çox kreativ olasan.

– Qış fasiləsindən sonra meydana çıxdığınız ikinci oyundur ki, aqressiv keçir, sanki matçlara təzyiq altında çıxırsız. “Zirə” ilə qarşılaşmada aqressiya var idi. Bu nədən irəli gəlir, çempionatın gərginliyindən, yoxsa rəqiblərlə bağlıdır?

– Epizodlara da baxsanız, bizim futbolçular necə sarı alırlarsa, burada rəqibi də vurğulamaq lazımdır. Rəqib də yaxşı çalışır ki, onları təxribata çəksin. İdman stresdən ibarətdir. Stress altında olmalısan ki, hansısa mərhələyə gəlib çıxasan. Sizin sual verməyiniz normaldır. Mən də onu normal şəkildə cavablandırıram. Bizdə nə qıcıq yaradır? 80-cı dəqiqədə “Sumqayıt”ın qapısı qarşısındakı penalti epizodunu heç kim vurğulamır. Amma biz də baxırıq ki, dəqiq penaltidir. Nə VAR-a baxırlar, nə də çağırırlar. Möhkəm komandayıq, bizi bu yolla əzmək istəyirlərsə, əfsuslar olsun ki, bu, onlarda istək olaraq qalacaq. Bizə qarşı diqqətli olsunlar.

– Belə çıxır ki, iki cəbhədə mübarizə aparırsız, meydanda və meydandan kənarda?

– Komanda və məşqçilər olaraq üzərimizə düşən meydançadır. Digər amillər mənlik və komandama aid deyil. Komandama inanıram, möhkəm və sağlam kollektivimiz var. Öz iradəmizdən geri çəkilməyəcəyik.

– Qış fasiləsindən sonra üç fərqli nəticə qazanmısız. Qeyri-stabillik davam edəcək?

– Nəticə olaraq siz bizi qeyri-stabil göstərmək istəyirsiz. Məni maraqlandıran oyun keyfiyyətidir. Komandam o keyfiyyəti mənə geri qaytarmağa çalışır. Bəzən istədiyim olur. Bugünkü oyundakı kimi. 5-6 qol epizoduna girirsən, dəyərləndirə bilmirsən. Ona görə nə siz məni, nə də mən komandamı günahlandıra bilərəm. Epizoddur, futbolun yazılmamış qanunları var. Onunla barışmalısan.

– Matçın nəticəsini ədalətli hesab edirsiz?

– Məncə, bir xala görə də sevinmək lazımdır. Hər xal dəyərlidir. Çox onun üzərində dayanmayacağıq. Daha çox qarşıdakı matçlara köklənəcəyik. Sportal.az

Bənzər xəbərlər