Emin Mahmudov Kazbek Tuayevə çatdı
Emin Mahmudov “Neftçi”nin heyətində yubiley qolunu vurub.
Msport.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 33-cü turunda “Kəpəz”lə oyunda 60-cı qoluna imza atıb.
Onun penalti qolu bakılıları məğlubiyyətdən xilas edib – 2:2. Mahmudov 60-cı qolunu 252-ci matçında vurub. Bunun 44-ü Premyer Liqada, 7-si Azərbaycan kubokunda, 9-u isə avrokuboklarda qeydə alınıb.
Emin “Neftçi”nin tarixi ərzində 60 və daha çox qol vuran 15-ci futbolçudur. Yarımmüdafiəçi klub tarixinin bombardirləri siyahısında aktivində 60 top olan Kazbek Tuayevə çatıb.
Qeyd edək ki, “Neftçi” tarixinin ən məhsuldar futbolçusu Samir Ələkbərovdur – 142 qol. Anatoli Banişevski 136, Yunis Hüseynov 103 dəfə fərqlənib.