Əvvəlcə Qurbanov, ardından O'Brayen
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Şelburn” (İrlandiya) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Msport.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı iyulun 29-da saat 17:30-da “Azersun Arena”da baş tutacaq.
Saat 18:00-də isə eyni arenada media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın baş məşqçisi Coy O’Brayenin Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:45-də start götürəcək. İrlandiya təmsilçisinin ilk 15 dəqiqəsi açıq olacaq məşqi 19:00-da başlayacaq.
Qeyd edək ki, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” görüşü saat 20:00-da başlayacaq.