"Futbolçularıma demişdim ki, risk etməyin, topu uzaqlaşdırın"
“İki xal itirmək məyusedicidir. Amma nəzərə alaq ki, 10 nəfərdə oynadıq. Belə olan halda 1 xal qazanmaq pis nəticə sayılmaya bilər. Adi səhvdən qol buraxmağımız da bizi məyus edir”.
Msport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının XXI turunun “Səbail”lə matçından (1:1) sonra mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını da cavablandırıb.
– Karyeranızda belə hal olub ki, bu qədər müdafiəçiniz sıradan çıxsın?
– Xeyr, birinci dəfədir.
– Autsayderlər “Kəpəz” və “Səbail”lə oyunlarda xal itkilərinin səbəbi nədir?
– İkisi də fərqli oyundur. Bu gün 10 nəfərlə oynamasaydıq, fərqli nəticə ola bilərdi. Müqayisə aparmağı doğru hesab etmirəm.
– Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?
– Oyunçularımı xəbərdar etmişdim ki, belə vəziyyətlərdə risk etməyin, topu uzaqlaşdırın. Kauan Martins topu saxlamaq istədi və nəticədə belə vəziyyət alındı.
– Emmanuel Hakmanın durumu necədir? Digər zədəli futbolçular nə vaxt sıraya dönəcək?
– Onun belində zədə var. Nə vaxt qayıdacağını bilmirik. Digər futbolçularımızın növbəti matça kimi qayıdacaqlarına ümid edirik.