featured-image-21323

Bu dəfə Gəncəyə fərqli tərzdə – sürət qatarı ilə getməyi qərara aldım. Həm ağır soyuqdəymədən sonra dedim, qatar yaxşı isti olar, həm də “bir bunun da dadına baxaq” şakəri özünü göstərdi. Qatar saat 12:35-də Gəncəyə çatdığından (“Kəpəz” – “Qəbələ” oyunu saat 14:00-da başlayırdı) elə vağzaldan birbaşa stadiona tərəf istiqamət aldım. Bunun bir tərəfi yaxşıdır ki, vaxtında gedib çatırsan, boşuna çox zaman  itirmirsən, amma digər tərəfdən Gəncə qaymağı, təndir çörəyi, Daşkəsəndən gəlmiş balnan “zavtrak” eləmək imkanını əldən verirsən…

***

Qatar Ələtdən aralanıb üzü əyalətə tərəfə istiqamət alan kimi oralarda həyatın necə bozumtul, yeknəsək olduğu adamın gözünə girir. Stansiyaların ətrafındakı uçuq-sökük köhnə tikililər, işsizlikdən yollarda iki-iki, üç-üç söhbət edən kişilər, üstünü his basmış köhnə kənd klubları və kitabxanaların binaları. Eyni hissi əyalətdən Bakıya dönərkən də gecə saatlarında yaşayırsan. Qaranlıq sakitlikdən birdən-birə Bakıya, xüsusən də Heydər Əliyev prospektinə girəndə özünü Manhettendəki kimi hiss edirsən.

Gəncə stadionu mənə müharibə dövründəki səyyar hospitalları xatırlatdı. Paltardəyişmə otaqları üçün nəzərdə tutulmuş konteynerlərə tərəf baxanda “Qərb cəbhəsində təbəddülat yoxdur” filmi yadıma düşürdü. Fikirləşirdim ki, bu dəqiqə qolu, ayağı olmayan hansısa əsgəri əməliyyat masasına uzadacaqlar… əslində isə otaqdan sağlam Rafael Utziq və ya Mario Mustapiç çıxırdı.

media-WhatsApp Image 2023-01-25 at 01.53.53

Oyundan əvvəlki bir səhnə isə “Bəxtiyar” filmindəki məşhur “Ağabala, gələcək, vallah gələcək” ifadəsini yadıma saldı. Demək, dəqiqələr gedir, görüşün başlamasına az qalıb. Təcili-tibbi yardım maşını gəlib çıxmayıb. Bu zaman AFFA nümayəndəsi “Kəpəz” rəsmilərindən soruşur ki, “nə oldu, “skorı” harda qaldı”? Cavab elə təxminən filmdəki kimi idi: “Gələcək, vallah gələcək. Deyirlər gəlirik, yoldayıq”.

Gəncə stadionunun real durumunu bir misalla da sizə izah etməyə çalışacam. Deməli arenada bir otaq var ki, ondan 3 cür istifadə olunur. Yox, “tri v odnom kofe” zad deyil, həqiqətən bir otaqdan təxminən üç saat ərzində 3 fərqli istiqamətdə istifadə olunur.

media-WhatsApp Image 2023-01-25 at 01.54.05

Deməli, həmin otaqda oyundan əvvəl klub nümayəndələrinin AFFA rəsmisinin iştirakı ilə ənənəvi iclas olur. Matç vaxtı sirli otaq çevrilir VİP tribunaya və şəhər rəhbərliyi, görüşü izləməyə gələn hörmətli qonaqlar oradan oyuna tamaşa edirlər. 90 dəqiqədən sonra isə “Leqkim dvijeniem ruki, bryuki prevraşayutsa v eleqantnıe şortı”. “Brilyantovaya ruka”da mərhum Andrey Mironov kimi podiuma çıxan olmur, sadəcə həmin otaq bu dəfə mətbuat konfransı üçün baş məşqçilərin ixtiyarına verilir.

media-WhatsApp Image 2023-01-25 at 01.53.47

Bəli, Gəncədə stadionun real durumu budur. Düzdür, köhnə bazanın yerində AFFA-nın vəsaiti ilə Futbol Akademiyasının tikintisi davam edir. Bu bir az ümid verir ki, bir neçə ildən sonra bəlkə stadionda da vəziyyət düzələ. Hərçənd bir neçə ay öncə gecə saatlarında gənclər və idman naziri Fərid Qayıbov hövlank özünü çatdırmışdı arenaya. Hətta mobil telefonların işığında stadionun çat verən yerlərinə də baxmışdılar. Düzü, fikirləşdim gecə ilə belə gəliblərsə, səhərsi artıq nəsə iş başlayar. Amma görünür, bu da “gəldim, şəkil çəkdirdim getdim” siyasətinin tərkib hissəsi imiş.

***

Bir balaca da oyunun özündən danışaq:  Elçin Məsiyevin hər iki penalti qərarı doğru idi. “Qəbələ” birinci hissədə bu mövsümdə ən zəif oyununu keçirdi. Sonradan Elmar Baxşıyev bunu qazonun bərbad vəziyyətdə olması ilə izah etdi. Əslində bu da bir mövzüdur: AFFA vaxtilə xeyli xərc çəkib Gəncə stadionunun qazonunu dəyişmişdi, ot əla idi. Belə görünür ki, “Kəpəz”də çalışanlar ota yaxşı qulluq edə bilməyiblər. Həqiqətən də bəzən meydan əkin sahəsini xatırladırdı. Lakin oyundan sonra Tərlan Əhmədovun da dediyi ki, peşəkarlar hər şəraitdən baş çıxarmalıdırlar, qazon süni örtüklü, ya həddən artıq ağır olsa belə.

media-326595275_932937964531061_8922223314381057214_n

Əslində oyundan danışılacaq çox şey də yoxdur. Sonda heç-heçə hər iki tərəfi qane elədi.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər