featured-image-61156

“Mənim üçün də sürpriz oldu. Oyuna hazırlaşdığım bir vaxtda idman direktorumuz Tamaş Haynal mənə zəng edərək dəyişdirilmək istəyib-istəmədiyimi soruşdu. Dedim ki, bu, klub və mənim üçün ən yaxşısıdırsa, bəli. Əvvəlcə onun mənimlə danışıqlara başlayacağını düşünürdüm, lakin dərhal başa düşdüm ki, məsələ artıq son mərhələdədir. Agentimə zəng etdim, o da heç nə bilmirdir. Bir-birimizə suallar verdik, heç olmasa bunu izah edə biləcək bir şey tapmağa çalışdıq. Biz hələ də səbəbləri anlamırıq, bu, klubun qərarıdır”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yeni transferi Kadi Borges “Ferentsvaroş”dan ayrılmağı barədə danışarkən deyib.

Braziliyalı futbolçu klubdan öz istəyilə ayrılmadığını bildirib: “Xüsusilə yayda gəldiyim, uzunmüddətli müqavilə bağladığım və ayrılmağa səbəb görmədiyim üçün klubdan bu cür dəyişiklik istəməmişdim. Bu danışıqlar klublar arasında gedib, onların qərarı olub”.

Kadi klub rəhbərliyinin ona heç bir izah vermədiyini söyləyib: “Heç nə demədilər. Düşünürəm ki, onlar məni daha klubda görmək istəmirdilər və ona görə də bu cür yanaşdılar”.

29 yaşlı yarımmüdafiəçi “Yeni baş məşqçi Robbi Kinin gəlişi vəziyyətinizə təsir etdimi?” sualına bu cür cavab verib: “Düzünü desəm, bilmirəm. Dediyim kimi, heç kim heç nə bilmir. Ona görə də baş məşqçinin bundan xəbəri olub-olmadığını bilmirəm”.

O, Julio Romao ilə danışıqların gizli aparıldığını iddia edib: “Artıq Julio Romao ilə danışıqlara başlamışdılar və “Qarabağ” pul istəmədiyi üçün mənimlə dəyişdirməyi təklif etdilər. Dediyim kimi, mən klubdan getməyi xahiş etmədim, onlar istədilər. Heç nəyə görə peşman deyiləm, əlimdən gələni etmişəm. Əgər bu klub üçün kifayət deyilsə, problem yoxdur”.

Kadi klubu gözəl xatirələrlə tərk etdiyini deyib: “Başımı dik tutub gedirəm, çünki yaxşı oynadım, rəqəmlər yalan danışmır. Avropa Liqasının pley-off mərhələsində heç-heçə etdiyimiz oyunda penalti qazandım, sonra penaltilər seriyasında qol vurdum. İstər liqada, istərsə də beynəlxalq arenada hər matçda varımı ortaya qoymuşam. Yaxşı nəticələr əldə etmişik, buna görə də “Ferentsvaroş”dakı 7 aydan məmnunam. Amma o da ola bilər ki, mən vəziyyəti səhv görürəm və futbolu yaxşı başa düşmürəm. Əgər səhv etdiyimi düşünüb bu qərarı veribsələr, hər iki tərəf üçün xeyirli olsun”.

Qeyd edək ki, Kadi “Qarabağ”la 4 illik müqavilə imzalayıb.

Bənzər xəbərlər